Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"

İKT
  • 31 oktyabr, 2026
  • 15:32
Nazir müavini: Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir

Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startup School 4: Five Continents – 500 Startups" qlobal innovasiya proqramının yekun tədbiri – "Demo Day"də bildirib.

Onun sözlərinə görə, onlar yeni bizneslər yaranmasına, rəqabətqabiliyyətli məhsul və xidmətlərin inkişafına, eləcə də innovativ yanaşmalar vasitəsilə əlavə dəyərin yaranmasına təkan verirlər: "Odur ki, startaplar Azərbaycanın dayanıqlı iqtisadi inkişaf mərhələsinə nail olmasında mühüm əhəmiyyət daşıyır. Azərbaycan investisiya mühitinin yaxşılaşdırılması və rəqabətqabiliyyətli ekosistemin formalaşması yolu ilə startapların inkişafını təşviq edən əlverişli mühitin yaradılmasına xüsusi diqqət yetirir. "Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafa Dair Milli Prioritetlər" sənədində rəqabətqabiliyyətli insan kapitalının və müasir innovasiya məkanının formalaşması əsas hədəflərdən biri kimi irəli sürülür. Bu hədəflərə uyğun olaraq, son illər vahid strateji çərçivə yaradılıb. Azərbaycanın 2025-2028-ci illər üçün süni intellekt strategiyası və rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üzrə fəaliyyət planı bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini təsbit edir".

Nazir müavini Sabah STEAM İnnovasiya Korpusunun açılmasının ölkənin texnoloji inkişafa verilən önəmi açıq şəkildə göstərdiyini deyib: "Bu kampus elm, təhsil və sahibkarlığı bir məkanda birləşdirir, gənc istedadlar və startaplar üçün yeni innovativ mühit yaradır. Bu gün IV sənaye inqilabının təsiri ilə müxtəlif sahələrdə dərin transformasiyaların şahidi oluruq. Süni intellekt, bulud texnologiyaları və böyük verilənlərin analitikası kimi qabaqçıl texnologiyalar biznes mühitini və dəyər yaratma prosesini köklü şəkildə dəyişir".