Bakı Dialoqu: Su məsələsinin COP31 gündəliyində nəzərə alınması müzakirə olunub

Ekologiya
  • 18 noyabr, 2026
  • 12:46
Bakı Dialoqu: Su məsələsinin COP31 gündəliyində nəzərə alınması müzakirə olunub

Antalyada COP31 çərçivəsində İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoqunun ikinci yüksək səviyyəli görüşü təşkil edilib. Görüşdə su ehtiyatlarının iqlim gündəliyinə inteqrasiyası və bu sahədə beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.

"Report"un Türkiyə bürosunun xəbərinə əsasən, tədbir COP29 Azərbaycan Sədrliyi, BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və Ümumdünya Meteorologiya Təşkilatının (WMO) birgə təşkilatçılığı ilə keçirilib.

"Dialoqdan qlobal fəaliyyətə: COP31 gündəliyində su amilinin nəzərə alınması" mövzusunda keçirilən iclasın açılışında Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev və COP30 Sədrliyinin nümayəndəsi Alis Amorim çıxış ediblər.

Bundan əlavə, UNEP-in icraçı direktoru İnqer Andersen, UNECE-nin icraçı katibinin müavini Dmitri Maryasin, WMO-nun Hidrologiya və Kriosfer departamentinin rəhbəri Ueyn Cenkinson və Avropa Komissiyasının nümayəndəsi Sara Nelenin çıxışları dinlənilib. BMT Baş katibinin su məsələləri üzrə xüsusi elçisi Retno Marsudinin videomüraciəti nümayiş etdirilib.

İclasda suyun iqlim dayanıqlılığı, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, biomüxtəliflik, səhiyyə, şəhərlər və infrastruktur baxımından əhəmiyyəti nəzərdən keçirilib, bu istiqamətlərdə əməkdaşlıq və maliyyələşdirmə imkanları müzakirə olunub.

Müzakirələr zamanı Xəzər dənizi nümunəsində ortaq su hövzələri üzrə əməkdaşlığın gücləndirilməsi və daxili su hövzələrinin iqlim dəyişikliyinə qarşı dayanıqlılığının artırılması məsələlərinə xüsusi diqqət ayrılıb.

UNEP və UNECE-nin birgə moderatorluğu ilə aparılan interaktiv müzakirələrdə Bakı Dialoqunun 2026-cı il BMT Su Konfransına töhfəsi, iş proqramının inkişaf etdirilməsi və COP31-dən sonrakı dövrdə fəaliyyətinin davam etdirilməsi imkanları nəzərdən keçirilib.

Ardıcıl COP sədrlikləri arasında davamlılığın təmin olunması və su ilə bağlı iqlim fəaliyyətinin konkret tərəfdaşlıqlar vasitəsilə dəstəklənməsi iclasın əsas müzakirə mövzularından olub.

Tədbirin sonunda COP31 Sədrliyinin nümayəndəsi, Türkiyənin Xarici İşlər Nazirliyinin transsərhəd sular və ətraf mühit məsələləri üzrə müşaviri Simla Yasemin Özkaya yekun nitqi ilə çıxış edib.

Qeyd edək ki, Bakı Dialoqu COP29 zamanı Azərbaycan Sədrliyinin Fəaliyyət Gündəliyinin təşəbbüslərindən biri olan İqlim Fəaliyyəti naminə Su Bəyannaməsi əsasında yaradılıb. Dialoqun ilk yüksək səviyyəli görüşü COP30 çərçivəsində Braziliyanın Belem şəhərində keçirilib.

44 filmi