Ağstafada geosiyasi proseslərin dəyərlər sisteminə təsiri mövzusunda konfrans keçirilib - Yenilənib

Din
  • 18 noyabr, 2026
  • 12:44
Ağstafada geosiyasi proseslərin dəyərlər sisteminə təsiri mövzusunda konfrans keçirilib - Yenilənib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağstafa şəhərində "Dəyişən dünyada dəyərlər, inanc və kimlik" mövzusunda regional konfrans keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Dövlət Komitəsinin və Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi, həmçinin ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Ağstafa rayon icra hakimiyyətinin başçısı Seymur Orucov ölkədə milli-mənəvi dəyərlərin qorunması, dini tolerantlığın və multikultural ənənələrin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası cəmiyyətdə milli birlik, vətənpərvərlik və dövlətçilik ruhunun möhkəmləndirilməsində əsaslı rol oynayır. Bu məqsədyönlü siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayan icra başçısı dini-mənəvi irsin yaşadılması, ibadət ocaqlarının bərpası və müxtəlif dini icmalara dövlət dəstəyinin göstərilməsi yönündə ardıcıl tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Çıxışda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahədəki xidmətləri də xüsusi vurğulanıb. Qeyd olunub ki, Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə mədəni-mənəvi irsin mühafizəsi və təbliği üzrə həm ölkə daxilində, həm də xaricdə uğurlu layihələr icra olunur. Onun fəal humanitar fəaliyyəti Azərbaycanın tolerantlıq modelinin dünyada tanıdılmasında müstəsna əhəmiyyət daşıyır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında qeyd edib ki, müasir dünyada baş verən sürətli dəyişikliklər, qlobal miqyasda güclənən ideoloji təsirlər və informasiya mühitinin transformasiyası milli kimlik, mənəvi dəyərlər və inanc məsələlərini daha da aktuallaşdırır. İndi hər bir xalq üçün başlıca vəzifə tarixi köklərinə bağlılığını qorumaqla yanaşı, müasir dünyanın çağırışlarına uyğun inkişaf yolunu müəyyənləşdirməkdir. Komitə sədri vurğulayıb ki, Azərbaycan xalqının milli kimliyinin, dövlətçilik düşüncəsinin və mənəvi bütövlüyünün formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi Azərbaycançılıq məfkurəsi müstəsna yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ideoloji xətt müasir dövrün reallıqlarına uyğun inkişaf etdirilir və zənginləşdirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr milli-mədəni irsin qorunmasına və beynəlxalq miqyasda təbliğinə mühüm töhfələr verir.

Dövlət Komitəsi sədrinin çıxışında Azərbaycan bayrağının üç rənginin milli mənsubiyyəti, müasir inkişaf iradəsini və dini-mənəvi kökləri vahid dövlətçilik fəlsəfəsində birləşdirdiyi vurğulanıb. Bu kontekstdə Türk dünyası ilə əməkdaşlığın genişləndirilməsindən danışan R.Məmmədov 2026-cı il iyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün keçirildiyini və imzalanmış Kommünikenin bu sahədə yeni mərhələnin əsasını qoyduğunu diqqətə çatdırıb. Həmçinin, xaricdə yaşayan soydaşlarla mənəvi bağların möhkəmləndirilməsi məqsədilə Türkiyə və Gürcüstanda təşkil olunan iftar mərasimləri, eləcə də xarici ölkələrdən olan din xadimlərinin işğaldan azad edilmiş ərazilərə səfərləri barədə məlumat verib.

R.Məmmədov Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfələrdən bəhs edərək Bakı Prosesi, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi beynəlxalq tədbirlərin ölkənin multikultural təcrübəsinin tanıdılmasındakı roluna toxunub. Komitə sədri müsəlman ölkələri ilə əlaqələrin genişləndirilməsi, din xadimlərinin peşəkar potensialının artırılması və "Hər məsciddə kitabxana" layihəsi çərçivəsində yüzlərlə məscidin kitablarla təmin edilməsi barədə də danışıb. Çıxışda işğaldan azad edilmiş ərazilərdə Heydər Əliyev Fondu tərəfindən tarixi-dini abidələrin bərpası, həmçinin dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahında, Əmircan qəsəbəsindəki İmam məscidində və Gəncə şəhərindəki Cümə məscidində həyata keçirilən təmir-bərpa işləri xüsusi vurğulanıb.

Tədbir "Fərdi və kollektiv kimliyi formalaşdıran amillər", eləcə də "Gənclərlə mənəvi dialoq: müasir yanaşmalar və effektiv ünsiyyət" mövzuları üzrə panel müzakirələrlə davam edib.

Ağstafa şəhərində "Dəyişən dünyada dəyərlər, inanc və kimlik" mövzusunda regional konfrans təşkil olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, regional konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilir.

Tədbirdə Dövlət Komitəsinin və Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi, həmçinin ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edirlər.

Konfransın məqsədi qloballaşma, rəqəmsallaşma və müasir geosiyasi proseslər fonunda dəyərlər sistemində baş verən dəyişiklikləri, eləcə də dini inanclar və milli-mədəni kimlik məsələlərini müzakirə etmək, mənəvi dəyərlərin qorunması, dini və mədəni müxtəlifliyə hörmət, dinlər və mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində fikir mübadiləsi aparmaqdır.

44 filmi