Uitkoff Ukrayna üzrə danışıqların növbəti raundunun razılaşdırıldığını bildirib
- 12 noyabr, 2026
- 20:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub və danışıqların növbəti raundu razılaşdırılıb.
"Report" CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Moskvada danışıqlardan sonra bildirib.
"Hesab edirəm ki, müəyyən irəliləyiş əldə edilib. Düşünürəm ki, bu, hələ bu gün daha əvvəl nəzərə çarpırdı. Əbu-Dabidə çoxları bizim üçtərəfli danışıqları bərpa edəcəyimizi gözləmirdi. Lakin biz bunu etdik. Üstəlik, biz artıq yeni görüşün keçirilməsi barədə razılığa gəlmişik. ABŞ Prezidenti Donald Tramp da məhz bunu istəyir", - Uitkoff qarşıdan gələn görüşün detallarını açıqlamadan deyib.
Onun sözlərinə görə, Ukraynanın nizamlanması üzrə danışıqların növbəti raunduna avropalılar da qoşulacaqlar.
Uitkoff və Cared Kuşner, həmçinin hazırda Rusiya ilə Ukrayna arasında münaqişənin nizamlanması istiqamətində irəliləyişə nail olmaq üçün yeni imkanların yarana biləcəyini bildiriblər.