Edi Rama: Serbiyadakı siyasi proseslərlə bağlı nikbin nəticələr çıxarmaq hələ tezdir

Digər ölkələr
  • 12 noyabr, 2026
  • 02:31
Edi Rama: Serbiyadakı siyasi proseslərlə bağlı nikbin nəticələr çıxarmaq hələ tezdir

Albaniyanın Baş naziri Edi Rama Serbiyada baş verən son siyasi hadisələrin regionun Avropa İttifaqına (Aİ) inteqrasiya perspektivlərinə mümkün təsirləri ilə bağlı nikbin nəticələr çıxarmaq üçün hələ tez olduğunu bildirib.

"Report"un Balkan bürosu xəbər verir ki, o bu barədə İrlandiyanın paytaxtı Dublində Beynəlxalq və Avropa Məsələləri İnstitutunun (IIEA) təşkilatçılığı ilə keçirilən "Albaniyanın Avropa yolu: arzudan inteqrasiyaya" adlı tədbirdə Avropa və Balkan ekspertləri, eləcə də diplomatlar qarşısında çıxışında danışıb.

Ramanın sözlərinə görə, Avropa Komissiyası Serbiyanın əvvəlki administrasiyası ilə münasibətlərində, xüsusilə hüququn aliliyi və Aİ-nin fundamental tələblərinin yerinə yetirilməsi məsələlərində çətinliklərlə üzləşib.

"Bundan sonra nələrin baş verəcəyini əminliklə söyləmək hələ çox tezdir", - Rama vurğulayıb.

Regional münasibətlərə mümkün təsirləri şərh edən Rama Albaniyanın nöqteyi-nəzərindən Belqradın regional sabitlik və inteqrasiyaya təsir göstərən əsas məsələlərdə daha açıq mövqe tutduğuna dair hələlik aydın əlamətlərin olmadığını qeyd edib.

Baş nazir xüsusilə Kosovo (Azərbaycan Kosovonu müstəqil dövlət kimi tanımır -red) məsələsinə diqqət çəkərək bildirib ki, Belqradın Priştina ilə münasibətlərin normallaşdırılmasına açıq yanaşma nümayiş etdirməməsi Serbiyanın keçmişlə bağlı problemlərini davam etdirəcək.

"Belqrad Kosovo məsələsinə və onunla münasibətlərin normallaşdırılmasına açıq yanaşma nümayiş etdirmədiyi müddətdə keçmişin xəyalları Serbiyanı təqib etməyə davam edəcək və serb xalqının hələ də baş verməmiş, çox ehtiyac duyulan mənəvi təmizlənmə prosesindən keçməsinə mane olacaq", - Edi Rama əlavə edib.