Günay Ağamalı: Prezident İlham Əliyevin Dublin sammitində iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir

Daxili siyasət
  • 15 noyabr, 2026
  • 16:10
Günay Ağamalı: Prezident İlham Əliyevin Dublin sammitində iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir

"Prezident İlham Əliyevin İrlandiyanın paytaxtı Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Görüşündə iştirakı Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinin və Avropa dövlətləri ilə tərəfdaşlıq əlaqələrinin genişlənməsinin göstəricisidir".

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı "Report"a açıqlamasında bildirib ki, dövlət başçısının sammit çərçivəsində Avropa ölkələrinin liderləri və beynəlxalq qurumların rəhbərləri ilə keçirdiyi görüşlər Azərbaycanın diplomatik imkanlarının genişləndiyini nümayiş etdirir:

"Ukrayna, Moldova, Bolqarıstan, Ermənistan, Yunanıstan, Çexiya, Rumıniya və Litva rəhbərləri ilə müzakirələr, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti ilə görüş əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir. Böyük Britaniya ilə strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin mübadiləsi də ikitərəfli münasibətlərdə mühüm addımdır".

G.Ağamalı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, ölkəmizin 16 dövlətə, o cümlədən Avropa İttifaqının 10 üzvünə təbii qaz ixrac etməsi, Orta Dəhlizin inkişafı və yaşıl enerji layihələri Azərbaycanın strateji əhəmiyyətini artırır.

Deputat Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünün Cənubi Qafqazda davamlı sülhün təmin olunması baxımından əhəmiyyətini də qeyd edib. Bildirib ki, Azərbaycan sülh gündəliyini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında irəli aparır.

G.Ağamalı 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin Zirvə Görüşünün Azərbaycanda keçirilməsi qərarını ölkəmizə göstərilən etimadın və beynəlxalq nüfuzunun göstəricisi kimi qiymətləndirib. Onun fikrincə, bu tədbir Avropa dövlətləri ilə siyasi dialoqun və əməkdaşlığın genişlənməsinə yeni imkanlar yaradacaq.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, strateji tərəfdaşlıqlarının genişlənməsinə və milli maraqlarının qorunmasına xidmət edir.