Avstraliya və Filippin hərbi əməkdaşlığı genişləndirir

Digər ölkələr
  • 15 noyabr, 2026
  • 15:05
Avstraliya və Filippin hərbi əməkdaşlığı genişləndirir

Avstraliya və Filippin hərbi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan yeni müdafiə sazişi imzalayıb.

"Report" xəbər verir ki, sənəd Filippinin müdafiə naziri Gilberto Teodoro və Avstraliyanın səfiri Mark İns-Braun tərəfindən Manilada keçirilən ASEAN sammiti çərçivəsində, Avstraliyanın Baş naziri Entoni Albanizenin iştirakı ilə imzalanıb.

Qeyd olunur ki, saziş birgə hərbi əməliyyatların və dənizdə, eləcə də quruda keçirilən təlimlərin, dəniz patrul xidmətinin asanlaşdırılmasını, kəşfiyyat məlumatlarının mübadiləsinin intensivləşdirilməsini və müdafiə infrastrukturunun inkişafını nəzərdə tutur.

Yeni saziş 1995-ci ildə imzalanmış anlaşma memorandumunu yeniləyir və iki ölkənin hərbçilərinin qarşılıqlı olaraq digər ölkənin ərazisində olmasını tənzimləyən 2007-ci il müqaviləsini tamamlayır. Həmin müqavilə 2012-ci ildə qüvvəyə minib.

Teodoronun sözlərinə görə, saziş bürokratik maneələri azaldacaq və Filippinin suveren hüquqlara malik olduğu ərazilərdə çəkindirmə imkanlarını gücləndirəcək. O, həmçinin yeni qaydaların Avstraliyanın humanitar xidmətlərinin Filippində baş verən təbii fəlakətlərə operativ müdaxiləsini asanlaşdıracağını bildirib.

Albanize vurğulayıb ki, saziş hər hansı konkret ölkəyə qarşı yönəlməyib. Bununla belə, sənəd mühüm ticarət marşrutlarında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə hərbi əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Avstraliyanın müdafiə naziri Riçard Marls isə tərəfdaşlığın Kanberra və Manilanın birgə imkanlarını gücləndirdiyini, regionda təhlükəsizlik və sabitliyə töhfə verdiyini qeyd edib.

Regional gərginlik fonunda Avstraliya Cənub-Şərqi Asiya ölkələri ilə dəniz tərəfdaşlığına əlavə investisiyalar ayıracağını da açıqlayıb. Bu investisiyalar hava və suüstü pilotsuz aparatların tədarükünü, mühafizə olunan rabitə avadanlıqlarının təmin edilməsini və mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Bununla yanaşı, Avstraliya, Filippin, Yaponiya və ABŞ əməkdaşlığı dərinləşdirmək və Filippində birgə koordinasiya mərkəzi yaratmaq barədə razılığa gəliblər. Qərar oktyabrın 28-də Sebuda dörd ölkənin müdafiə nazirlərinin görüşündə qəbul edilib. Tərəflər birgə hərbi təlimləri intensivləşdirmək və müdafiə sahəsinə investisiyaları əlaqələndirmək niyyətindədirlər.