Yanez Yanşa: "Xəzər regionu Avropanın enerji təhlükəsizliyi üçün mühümdür"
- 12 noyabr, 2026
- 14:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Xəzər regionundan enerji resurslarının tədarükü Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
"Report"un Dublinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Sloveniyanın Baş naziri Yanez Yanşa Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Avropa ölkələrinin ortaq maraqları Xəzər regionunun enerji resurslarının Avropanın strateji muxtariyyətinin möhkəmlənməsinə töhfə verməkdir.
"Yadımdadır ki, 25 il əvvəl Avropanın yeganə enerji mənbəyi olan Rusiyadan asılılıqdan xilas olması üçün "Cənub axını" qaz kəmərinin marşrutunun dəyişdirilməsi uğrunda mübarizə aparırdıq. Təəssüf ki, həmin mübarizə uğurla nəticələnmədi. Əgər hər şey başqa cür cərəyan etsəydi, indi bütün Avropada vəziyyət fərqli olardı. Xəzər regionu Avropanın enerji təhlükəsizliyi üçün son dərəcə böyük əhəmiyyət kəsb edir", - Y.Yanşa vurğulayıb.
2028-ci ildə Azərbaycanda keçiriləcək Avropa Siyasi Birliyi sammitindən gözləntilərinə dair sualı cavablandırarkən o qeyd edib ki, bu, təkcə təhlükəsizlik məsələləri baxımından deyil, həm də ilk növbədə, Xəzər regionunun əhəmiyyətli enerji resursları kontekstində böyük əhəmiyyət kəsb edir.
"Bu resursların Avropanın strateji muxtariyyətinin möhkəmləndirilməsinə töhfə verməsi bizim ümumi maraqlarımıza cavab verir", - o bildirib.