Əfqanıstanın beyin mərkəzinin nümayəndələri Azərbaycana ilk dəfə səfər ediblər

Xarici siyasət
  • 17 noyabr, 2026
  • 11:58
Əfqanıstanın beyin mərkəzinin nümayəndələri Azərbaycana ilk dəfə səfər ediblər

Əfqanıstanın beyin mərkəzinin təmsilçiləri Azərbaycana ilk dəfə səfər ediblər.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Əfqanıstan Xarici İşlər Nazirliyinin (XİN) nəzdində fəaliyyət göstərən Strateji Araşdırmalar Mərkəzi (CSS) ilə birgə təşkil olunan "Trans-Avrasiya Tranzit və Ticarət Marşrutlarının Strateji Yaxınlaşması: Əlaqəlilik və Davamlı İnkişaf" mövzusunda dəyirmi masada bildirib.

F. Şəfiyev qeyd edib ki, bu gün keçirilən görüşdə həm ikitərəfli münasibətlər, həm də regiondakı mövcud vəziyyət müzakirə olunacaq. O, hazırda, xüsusilə, Xəzər regionunda mürəkkəb geosiyasi şəraitin yarandığını vurğulayıb:

"Azərbaycan hər zaman dövlətlərin suverenliyini, müstəqilliyini və müstəqil qərarlar qəbul etmək hüququnu dəstəkləyib. Azərbaycan və Əfqanıstan arasında münasibətlər dərin tarixi köklərə malikdir. Bu gün iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də üçüncü ölkələrin yanaşmalarından asılı olmayaraq, ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyəti müzakirə olunacaq".

O əlavə edib ki, mövcud geosiyasi qeyri-sabitlik şəraitində regional əməkdaşlığa və dialoqa töhfə verən hər bir təşəbbüs və layihə xüsusi əhəmiyyət daşıyır:

"BMTMM ilə CSS arasında əməkdaşlıq bu istiqamətdə atılan ilk mühüm addımdır. Ümid edirik ki, bu tərəfdaşlıq gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsinə, ekspert icmaları arasında əlaqələrin genişlənməsinə və fikir mübadiləsinin inkişafına imkan yaradacaq".