Sərdar Hacıyev: Azərbaycanda sertifikatlı ting istehsalının genişləndirilməsi prioritetlərdən biridir

ASK
  • 17 noyabr, 2026
  • 12:11
Sərdar Hacıyev: Azərbaycanda sertifikatlı ting istehsalının genişləndirilməsi prioritetlərdən biridir

Azərbaycanda sertifikatlı ting istehsalının genişləndirilməsi və bağçılıqda keyfiyyətə nəzarətin gücləndirilməsi prioritetlərdən biridir.

"Report"un Şimal bürosunun məlumatına görə, bunu Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Qubada keçirilən "Müasir bağçılıq sistemləri: seleksiya, calaqaltı-sort kombinasiyaları və sertifikatlı ting istehsalı" mövzusunda maarifləndirici tədbirdəki çıxışında deyib.

Onun sözlərinə görə, sağlam və keyfiyyətli ting məhsuldar bağların əsasını təşkil edir:

"Azərbaycanda müasir bağçılığın inkişafında sertifikatlı ting istehsalının genişləndirilməsi, yerli torpaq-iqlim şəraitinə uyğun calaqaltı-sort kombinasiyalarının tətbiqi və keyfiyyətə nəzarət sisteminin gücləndirilməsi mühüm prioritetlərdəndir. Tingçilikdə genetik təmizliyin, sortun həqiqiliyinin, fitosanitar sağlamlığın və izləniləbilənliyin təmin edilməsi gələcək istehsalın keyfiyyətinə və iqtisadi səmərəliliyinə birbaşa təsir göstərir".

S.Hacıyev əlavə edib ki, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda tingçiliyin inkişafı, keyfiyyətə nəzarət mexanizmlərinin gücləndirilməsi, aqrar innovasiyaların və informasiya-məsləhət xidmətlərinin genişləndirilməsi əsas istiqamətlər sırasında yer alır.

Agentlik rəhbəri Quba və ətraf bölgələrdə meyvəçilik təsərrüfatları üçün aktual olan qəhvəyi mərmər bağacığına qarşı mübarizənin önəminə də toxunub. Bildirib ki, sağlam ting materialından istifadə ilə yanaşı, bağlarda mütəmadi fitosanitar monitorinqin aparılması, qabaqlayıcı mübarizə tədbirlərinin görülməsi və fermerlərin bu zərərvericinin vaxtında aşkarlanması istiqamətində maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

44 filmi