Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir

Region
  • 05 noyabr, 2026
  • 21:12
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın və onun komandasının Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasının təşviqi üzrə səylərini yüksək qiymətləndirir.

"Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Vaşinqtonda ABŞ-nin birinci xanımı Melaniya Trampla görüşündə bildirib.

"Prezident Putin, həmçinin, Prezident Trampın sülhməramlı səylərini və onun komandasının Ukrayna böhranının nizamlanmasında sülh planı üzərində işini yüksək qiymətləndirir", - o qeyd edib.

Dmitriyev Melaniya Trampa humanitar fəaliyyətinə görə təşəkkür edərək, onun humanitar əməliyyatların əlaqələndirilməsində və Rusiya ilə Ukrayna ailələrinin yenidən birləşməsində əsas rolunu qeyd edib. Onun sözlərinə görə, Melaniya Trampın iştirakı sayəsində əldə olunmuş razılaşmaları həyata keçirmək mümkün olub, bu da insan həyatlarını xilas etməyə imkan verib.

Dmitriyev həmçinin qeyd edib ki, Prezident Putin atəşkəs rejiminin uğurla həyata keçirilməsi üçün şəxsən lazımi göstərişlər verib, Ukrayna tərəfi isə atəşkəsə əməl edib. Onun sözlərinə görə, əməliyyatda Rusiya və Ukraynanın təhlükəsizlik xidmətləri, hərbi strukturları və insan hüquqları üzrə müvəkkilləri iştirak ediblər. Dmitriyev qeyd edib ki, ABŞ-nin birinci xanımının müşaviri Mark Bekman da mühüm töhfə verib.

O həmçinin bildirib ki, Vladimir Putin və Rusiya Federasiyasının uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova tərəfindən dəstəklənən Melaniya Trampın humanitar fəaliyyəti 34 uşağın Ukrayna və Rusiyadakı ailələrinə qovuşmasına imkan yaradıb.

Dmitriyevin sözlərinə görə, D. Tramp Putindən əsirlərin mübadiləsi, amerikalı məhbusların azad edilməsi və humanitar səylərlə bağlı bir sıra təşəbbüsləri dəstəkləməyi xahiş edib və Rusiya lideri bu təklifləri dəstəkləyib.

"Çox vacibdir ki, Rusiya və Ukrayna, eləcə də Rusiya ilə ABŞ arasında əməkdaşlıq təkcə bizim iki ölkəmiz üçün deyil, həm də bütün dünya üçün əhəmiyyət kəsb edir. Gəlin bundan sonra da humanitar fəaliyyətə mühüm töhfə verək. Birlikdə ailələrimizin, uşaqlarımızın və gələcək nəsillərin rifahı naminə sülhə, tərəfdaşlığa və çiçəklənməyə əsaslanan bir gələcək qura bilərik", - o bildirib.

Xatırladaq ki, oktyabrın sonunda Melaniya Trampın və Roma Papası XIV Leonun vasitəçiliyi ilə Moskva və Kiyev dinc sakinlərin təxliyəsi üçün Xerson vilayəti istiqamətində müvəqqəti atəşkəs barədə razılığa gəlib. Bu, tammiqyaslı müdaxilə başlayandan bəri Rusiya və Ukraynanın ilk birgə humanitar missiyası idi.