"Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb

Media
  • 11 noyabr, 2026
  • 17:02
Rəqəmsal Media Ayı çərçivəsində növbəti təlim proqramına başlanılıb

Media və Yayım Şurasının təşəbbüsü ilə keçirilən "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb.

"Report" xəbər verir ki, bu barədə Şura məlumat yayıb.

Təlim proqramı çərçivəsində məzmun yaradıcılığı üzrə mütəxəssis Fazil Fərəcov "Qısa video formatları: ideya, ssenari, storytelling və montaj" mövzusunda çıxış edərək qısa videoların hazırlanmasının əsas mərhələləri, auditoriyanın diqqətini cəlb edən kontentin formalaşdırılması, vizual hekayəçilik üsulları və montajın təqdimat keyfiyyətinə təsiri barədə məlumat verib.

O, həmçinin hazırlanan materialların daha təsirli və yaddaqalan olması üçün yaradıcı yanaşmanın, düzgün strukturlaşdırmanın və təsvir vasitələrindən məqsədyönlü istifadənin əhəmiyyətini vurğulayıb.

Sİ üzrə mütəxəssis Ərzuman Paşayev isə "İdeyadan məzmuna: sosial media üçün kreativ konsepsiyanın hazırlanması və Sİ ilə vizuallaşdırılması" mövzusunda təqdimatla çıxış edib. Təlim zamanı sosial media məzmununun konseptual əsaslarının hazırlanması, yaradıcı ideyaların vizual həllərə çevrilməsi, eləcə də Sİ alətlərinin bu prosesdə tətbiqi imkanları müzakirə olunub.

Qeyd edək ki, noyabr ayı ərzində müxtəlif hədəf qrupları üçün maarifləndirmə və inkişaf proqramlarının, praktiki təlimlərin, seminarların, şəbəkələşmə görüşlərinin və media kampaniyalarının təşkili nəzərdə tutulur. Proqram çərçivəsində rəqəmsal media trendləri, sosial media platformalarının fəaliyyət prinsipləri, məzmun strategiyalarının hazırlanması, Sİ texnologiyalarının tətbiqi, informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə kimi aktual mövzulara xüsusi diqqət yetiriləcək.