Qırmızı Bazarda mina hadisəsində xəsarət alan şəxsin son durumu açıqlanıb - Yenilənib

Hadisə
  • 11 noyabr, 2026
  • 17:01
Qırmızı Bazarda mina hadisəsində xəsarət alan şəxsin son durumu açıqlanıb - Yenilənib

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi ərazisində baş verən mina partlayışı səbəbilə xəsarət alan 1984-cü il təvəllüdlü (kişi) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ona sol saidin aşağı 1/3 hissəsinin travmatik amputasiyası, sol said sümüklərinin yerdəyişmiş sınığı, sol baldır sümüklərinin aşağı 1/3 hissəsinin yerdəyişmiş sınığı, sol aşağı ətraf oynağının çıxığı, eləcə də bədənin müxtəlif nahiyələrinin sıyrılmış yaraları diaqnozu təyin olunub.

Pasiyentə zəruri tibbi müdaxilələr göstərilib və cərrahi əməliyyata alınıb.

Müxbir: Sevil Seymur

Xocavənd rayonu Qırmızı Bazar qəsəbəsində minaya düşən traktorçu İsgəndər Adil oğlu İsmayılov Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, o, əməliyyata götürülüb və sol əli bilək nahiyəsindən amputasiya olunub.

İ.İsmayılovun ayağından aldığı xəsarət isə əməliyyat yolu ilə bərpa edilib. Hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qırmızı Bazar qəsəbəsi yaxınlığında traktor minaya düşüb, xəsarət alan var.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

Bildirilib ki, noyabrın 11-də Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

Müxbir: Sevil Seymur