MDB məkanında tərəfdaşlıq maliyyəsi bazarı yenidən canlanma mərhələsinə keçir
- 28 oktyabr, 2026
- 12:17
Yeniliklərdən dərhal xəbərdar olun!
MDB məkanında tərəfdaşlıq maliyyəsi bazarı uzun müddət davam edən durğunluqdan sonra canlanma mərhələsinə keçir, bu sahədə qanunvericilik təşəbbüsləri və yeni maliyyələşmə alətlərinin tətbiqi genişlənir.
"Report" xəbər verir ki, bunu Şəriət Nəzarət Şuralarının sədri və üzvü, İslam maliyyəsi üzrə ekspert və auditor Abdurəşid Ustaz Jorayev "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi "12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" Konfransında bildirib.
Onun sözlərinə görə, müasir maliyyə sistemində baş verən dəyişikliklər fonunda böhranların idarə olunması və borc münasibətlərinə yeni yanaşmaların formalaşdırılması xüsusi əhəmiyyət daşıyır:
"Çünki sonda qarşımızda yenə də iki tərəf var -kreditor və borcalan. Lakin bu gün həyat çox mürəkkəbdir və öz qaydalarını diktə edir. Məsələn, borcalan bizdən qarşılıqlı münasibətlərin başqa formalarını tələb etdiyi halda, bizim imkanlarımız məhdud qalır. Biz yalnız ənənəvi "kreditor-borcalan" münasibətləri çərçivəsində maliyyələşdirmə təklif edə bilirik.
Bu gün insan münasibətlərinə və xidmət göstərdiyimiz əhaliyə də diqqət yetirməliyik. Çünki mikromaliyyələşdirmənin əsas dəyərlərinin dəyişməsi prosesi gedir. Bu dəyərlərin mərkəzində həssas əhali qruplarına dəstək və onların dayanıqlığının təmin edilməsi dayanır".
A. Ustaz Jorayev qeyd edib ki, MDB məkanı dinamik və uzun fasilədən sonra yenidən canlanan bazardır.
Ekspert bu regionda tərəfdaşlıq maliyyəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsinin və yeni maliyyə alətlərinin tətbiqinin əhəmiyyətini vurğulayıb.
"Hazırda MDB məkanında tərəfdaşlıq maliyyəsi ilə bağlı qanunvericilik sahəsində də yeniliklər müşahidə olunur. Qazaxıstan və Özbəkistan bu istiqamətdə fəal addımlar atır, xüsusilə Özbəkistanda tərəfdaşlıq maliyyəsi alətləri geniş tətbiq edilir və bu il müvafiq sahəni tənzimləyən hərtərəfli qanun qəbul olunub.
Bu dəyişikliklər, onu göstərir ki, müasir dövrdə mürəkkəb maliyyə münasibətlərini və mövcud iqtisadi reallıqları nəzərə almaq vacibdir".