Üç rayonda yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsinə başlanılıb

Sosial müdafiə
  • 28 oktyabr, 2026
  • 12:58
Üç rayonda yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsinə başlanılıb

Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, ərazilərdə mövcud vəziyyətin qiymətləndirilməsi işi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır.

Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə "Cəngi pestisid poliqonu"na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur.

Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir.

Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş "Kənd kimya" birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq "Cəngi pestisid poliqonu"na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib.

Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.