AKBA: Azərbaycanda mikromaliyyə təşkilatlarının istiqraz bazarı potensialından 24 dəfə geri qalır

Maliyyə
  • 28 oktyabr, 2026
  • 13:08
AKBA: Azərbaycanda mikromaliyyə təşkilatlarının istiqraz bazarı potensialından 24 dəfə geri qalır

Son bir ildə Azərbaycanda mikromaliyyə təşkilatları birja vasitəsilə ümumilikdə 65 milyon manat həcmində istiqraz buraxıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Kapital Bazarları İştirakçıları Assosiasiyasının (AKBA) İdarə Heyətinin sədri Orxan Bağırov "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.

Onun sözlərinə görə, bu bazarın potensialı indiki göstəricini təqribən 24 dəfə üstələyir: "Buna baxmayaraq, bazarın bu iki tərəfi arasında qarşılıqlı əlaqə hələ də faktiki olaraq formalaşmayıb. Sığorta şirkətlərinin təxminən 900 milyon manat həcmində vəsaitinin müəyyən hissəsi faiz gəliri əldə etmək məqsədilə yerləşdirilir. Azərbaycan Mərkəzi Bankının göstəricilərinə əsasən, sığorta ehtiyatlarının təxminən 60 %-i bu istiqamətdə istifadə edilir. Başqa sözlə desək, hər 100 manatın 40 manatı kapital hesabına aid edilir. Kapital xərclərini də nəzərə alsaq, bu vəsaitin hər 100 manatı sığortaçıya illik əlavə 3-7 manat gəlir təmin edə bilər".

O. Bağırov vurğulayıb ki, lakin bazarın ümumi həcminin yalnız 65 milyon manat olması səbəbindən bu istiqrazlar üzrə sektorun illik gəliri təxminən 2-4,6 milyon manat civarında dəyişir: "Bunun ümumi portfelin gəlirlilik göstəricisinə təsiri isə ən yüksək halda 0,3 % səviyyəsində qiymətləndirilə bilər. Deməli, əsas problem istiqrazların gəlirliliyində deyil, bazarın həcminin məhdud olmasındadır. Sığorta şirkətləri bu qədər az gəlir qarşılığında yüksək risk qəbul etməyə hazır olacaqlarmı?"

Assosiasiya sədri əlavə edib ki, digər tərəfdən, mikromaliyyə təşkilatlarının ümumi kredit portfeli 1,6 milyard manata bərabərdir: "Aparılan hesablamalara görə, bu portfelin təqribən 20 %-i istiqrazlar yolu ilə maliyyələşdirilə biləcək potensialı ifadə edir. Bu isə təxminən 320 milyon manat deməkdir. Hazırda buraxılmış istiqrazların həcmi isə cəmi 65 milyon manat təşkil edir. Yəni istiqraz emissiyalarının həcmi 4 dəfə artırılsa belə, sığorta şirkətlərinin bu qiymətli kağızları əldə etmək üçün yetərli potensialı mövcud ola bilər".