Dövlət proqramlarının maliyyə məlumatlarının büdcə sənədlərində əks olunması təklif edilir
- 16 noyabr, 2026
- 12:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda dövlət proqramları üzrə maliyyə və qeyri-maliyyə məlumatları büdcə sənədlərinə daxil edilməlidir.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2021-ci ildə qəbul edilmiş dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydasına əsasən cari dövrədək 30-dan çox dövlət proqramı və digər strateji sənədlər qəbul edilib: "Bu sənədlərin maliyyə mənbəyi dövlət büdcəsi və büdcədənkənar dövlət fondları olub. Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşməsi nəzərdə tutulan məqsədli proqramların bütün xərclərinin ayrıca sətirlərdə əks etdirilməsini, həmçinin büdcə sənədləşməsində proqramlıqla bağlı məlumatların daxil edilməyən proqramların da əlavə olunmasını təklif edirik. Eyni zamanda, gələcəkdə nəticə əsaslı büdcə islahatlarını genişləndirdikcə proqramlarla bağlı qeyri-maliyyə məlumatlarının da büdcə sənədləşməsinə daxil edilməsi proqramlıqla bağlı daha aydın təsəvvürün formalaşmasına xidmət edərdi".