"Bank Respublika" ADB-dən regionlarda sahibkarlığın inkişafı üçün 40 milyon dollar cəlb edib
- 26 oktyabr, 2026
- 10:16
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bank Respublika" ASC və Asiya İnkişaf Bankı (ADB) arasında regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb.
Vəsait kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ticarəti sahəsində fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsinə, eləcə də qadın sahibkarlığının dəstəklənməsinə yönəldiləcək. Maliyyələşmə həmçinin müasir damcı suvarma sistemlərinin tətbiqinə və müxtəlif hava şəraitinə uyğunlaşan bitki və meyvələrin yetişdirilməsini də dəstəkləyəcək.
Ölkə üzrə geniş filial şəbəkəsi sayəsində "Bank Respublika" Azərbaycanın bütün regionlarında sahibkarlar üçün maliyyələşmənin əlçatanlığını təmin edəcək.
"Bu maliyyələşdirmə özəl sektorun aparıcı rol oynadığı iqtisadi artımı təşviq etdiyinə, ərzaq təhlükəsizliyini gücləndirdiyinə, dayanıqlığı artırdığına və paytaxtdan kənar regionlarda qadınların rəhbərlik etdiyi bizneslərin maliyyəyə çıxış imkanlarını genişləndirdiyinə görə ADB-in 2025–2029-cu illər üzrə Azərbaycana dair Ölkə Tərəfdaşlıq Strategiyasına tam uyğundur. Bu layihə ADB-in "Bank Respublika" ilə mövcud əməkdaşlığına təkan verir və biz qeyd olunan məqsədlərə nail olmaq üçün tərəfdaşlığımızı daha da dərinləşdirməkdən məmnunuq", – ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Jamal bildirib.
"Azərbaycanın regionlarında sahibkarlığın dəstəklənməsi "Bank Respublika"nın strateji prioritetlərindən biridir. ADB ilə yeni saziş kiçik və orta biznesin, xüsusilə kənd təsərrüfatı, müasir aqrotexnologiyalar və qadın sahibkarlığı sahələrində maliyyələşdirilməsini genişləndirməyə imkan verəcək. Biz ADB ilə uzunmüddətli əməkdaşlığımızı yüksək qiymətləndiririk. Bizim üçün bu saziş yalnız uzunmüddətli maliyyələşmə mənbəyi deyil, həm də beynəlxalq maliyyə institutlarının bankımızın dayanıqlılığına, strategiyasına və fəaliyyətinin nəticələrinə etimadının növbəti təsdiqidir" deyə "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
ADB. Asiya və Sakit okean regionunda davamlı, inklüziv və dayanıqlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. 1966-cı ildə yaradılan ADB-nin 69 üzvü var və onlardan 50-si region ölkələridir.
1992-ci ildə yaradılmış "Bank Respublika" fiziki şəxslərə, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, eləcə də korporativ müştərilərə geniş çeşiddə maliyyə xidmətləri təqdim edən Azərbaycanın aparıcı banklarından biridir. Sahibkarlığın maliyyələşdirilməsini strateji prioritetlərindən biri kimi müəyyənləşdirən Bankı 2026-cı ildə nüfuzlu beynəlxalq "Euromoney" nəşri "Azərbaycanda kiçik və orta biznes üçün ən yaxşı bank" mükafatına layiq görüb.