Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb
- 13 noyabr, 2026
- 16:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 57 milyard 523,4 milyon manatlıq, o cümlədən 31 milyard 58,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 464,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 %, qeyri-ərzaq malları üzrə 6,6 % artıb.
| Məhsul qruplarının adları | 2026-cı ilin yanvar-oktyabr ayları, milyon manat | 2026-cı ilin yanvar-oktyabr ayları 2025-ci ilin müvafiq dövrünə nisbətən |
|---|---|---|
| Pərakəndə ticarət dövriyyəsi | 57 523,4 | +3,8% |
| o cümlədən: ərzaq məhsulları | 28 677,3 | +1,5% |
| içkilər və tütün məmulatları | 2 381,3 | +1,4% |
| toxuculuq məhsulları, geyim və ayaqqabılar | 8 054,0 | +4,2% |
| elektrik malları və mebellər | 2 871,2 | +8,7% |
| kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 970,1 | +32,6% |
| əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 1 560,4 | +21,2% |
| avtomobil yanacağı | 3 462,5 | +3,8% |
| digər qeyri-ərzaq malları | 9 546,6 | +5,0% |
10 ayda alcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9 %-i ərzaq məhsullarının, 4,1 %-i içkilər və tütün məmulatlarının, 14 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 5-i avtomobil yanacağının, 5 %-i elektrik malları və mebellərin, 2,7 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,7 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 559,9 manatlıq, o cümlədən 302,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 257,6 manatlıq qeyri-ərzaq malları alıb.