"Kür"ün baş məşqçisi: "Şimali Makedoniya komandası ilə matçda maksimum güc sərf etdik"
- 15 noyabr, 2026
- 19:22
Yeniliklərdən dərhal xəbərdar olun!
"Kür" həndbol komandasının Şimali Makedoniyanın "WHC Çair" kollektivi ilə oyununda maksimum güc sərf edib.
"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qadınlardan ibarət "Kür" komandasının baş məşqçisi Fuad Yanqildin deyib.
O, komandasının "WHC Çair"ə məğlub olduğu (21:32) EHF Avropa Kubokunun III təsnifat mərhələsinin cavab oyunundan sonra fikirlərini bölüşüb:
"Oyunçularıma təşəkkür etmək istəyirəm. Onlar bacardıqlarının ən yaxşısını etməyə çalışdılar. Gəlib bizə dəstək olan azarkeşlərə də təşəkkürümü bildirirəm.
Oyunun çətin keçəcəyini bilirdik. Qızlar maksimum güclərini ortaya qoydular. Sadəcə, mənə elə gəlir ki, ikinci oyunun ilk hissəsinin başlanğıcında müəyyən gərginlik hiss olunurdu. Ola bilsin, gözlənilməz hal baş verər deyə, yaranan narahatlıq səbəbindən ilk dəqiqələrdən hesabda irəli çıxa bilmədik".
Qeyd edək ki, tərəflər arasında keçirilən ilk görüşdə də "WHC Çair" qələbə qazanmışdı - 27:24. Bu nəticədən sonra "Kür" komandası EHF Avropa Kubokunda mübarizəni dayandırıb.