Azərbaycan 10 ayda nəqliyyat və anbar təsərrüfatında 14 milyard manatdan çox gəlir əldə edib
- 13 noyabr, 2026
- 13:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində 14 milyard 288,8 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,2 % çox xidmət göstərilib.
Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, xidmətlərin 8 milyard 546,7 milyon manatı (59,8 %-i) yük daşınması, 3 milyard 860 milyon manatı (27 %-i) sərnişin daşınması, 1 milyard 882,1 milyon manatı (13,2 %-i) isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşüb.
Nəqliyyat sektorunda 205,1 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çox yük daşınıb. Yüklərin 63,5 %-i avtomobil, 25 %-i boru kəməri, 7,6 %-i dəmir yolu, 3,7 %-i dəniz, 0,2 %-i hava nəqliyyatı ilə daşınıb.
Hesabat dövründə 1 milyard 861,9 milyon və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 % çox sərnişin daşınıb. Sərnişinlərin 90 %-i avtomobil nəqliyyatı, 9,3 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.