Tbilisidə IMMAF dünya çempionatı başlayır, Azərbaycan 7 idmançı ilə təmsil olunur
- 01 noyabr, 2026
- 02:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə IMMAF dünya çempionatına start veriləcək.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, Beynəlxalq Qarışıq Döyüş Sənətləri Federasiyasının (IMMAF) təşkilatçılığı ilə keçirilən dünya çempionatı noyabrın 1-dən 7-dək davam edəcək.
Çempionata 60-dan çox ölkədən 820-dən artıq idmançı qatılacaq. İştirakçılar qadınlar və kişilər üzrə müxtəlif çəki dərəcələrində mübarizə aparacaqlar.
İlk gün komandaların qeydiyyatı, qaydalar üzrə brifinq və püşkatma keçiriləcək. Döyüşlər noyabrın 2-də başlayacaq. Noyabrın 3-də 1/16 final, noyabrın 4-də 1/4 final, noyabrın 5-də yarımfinal qarşılaşmalarının keçirilməsi nəzərdə tutulub. Noyabrın 6-da 18–20 yaşlı idmançılar arasında, noyabrın 7-də isə böyüklər arasında final döyüşləri keçiriləcək.
Çempionatda Azərbaycan komandası MMA Federasiyasının prezidenti Rövşən Həsənovun rəhbərliyi altında iştirak edir.
Azərbaycan komandasının tərkibinə Ələkbər Mahmudov, Qabil Əlizadə, Saleh Cəfərov, İsmət Bədəlov, Həsən Muhamqazı, Əli Ataşov və Elmir Allahverdiyev daxildir.