Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
- 01 noyabr, 2026
- 02:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Oktyabrın 31-də Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidmətin məlumat yayıb.
Bildirilib ki, Afrika qitəsində ilk dəfə təşkil olunan oyunların açılış mərasiminə Abdulaye Vade stadionu ev sahibliyi edib.
Açılış proqramına əsasən, Afrikanın zəngin yerli mədəniyyətini, Seneqalın tarixi və adət-ənənələrini nümayiş etdirən xüsusi səhnələr canlandırılıb. Rəsmi hissədə hərbçilərin iştirakı ilə Seneqalın dövlət bayrağı stadiona gətirilib. Açılış mərasimində əsas məqamlarından biri atletlərin paradı olub. Olimpiya ənənəsinə əsasən, ilk olaraq Yunanıstan komandası paraddan birinci keçib. Daha sonra digər ölkələrin nümayəndə heyətləri ilə birgə Azərbaycan yığma komandası da paraddan keçib. Gender bərabərliyinə görə üçrəngli bayrağımızı üzgüçülərimiz - III MDB Oyunlarının qalibi və VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə ilə VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Məryəm Cavadova daşıyıb.
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin prezidenti Mamadou Diaqna Ndiaye açılış mərasimində çıxış edərək bu mötəbər idman tədbirinin ilk dəfə Afrika qitəsində təşkil olunmasının tarixi əhəmiyyətini vurğulayıb.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventri açılış mərasimində çıxış edərək Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının Afrika qitəsində təşkil olunmasını tarixi hadisə kimi qiymətləndirib.
Kirsti Koventri qeyd edib ki, Dakar-2026-nın əsas xüsusiyyətlərindən biri gənclərin təşkilati prosesin mərkəzində dayanmasıdır.
Sonra Seneqal Prezidenti Bassiru Diomay Fayeni Oyunları açıq elan edib.
Təntənəli açılış zamanı müxtəlif rəqs elementləri və kompozisiyalar nümayiş olunub. Sonra Olimpiya bayrağı arenaya gətirilib və məşəl alovlandırılıb.
Noyabrın 13-dək davam edəcək mötəbər yarışda dünyanın müxtəlif ölkələrindən olan istedadlı yeniyetmə idmançılar 25 idman növü üzrə qüvvələrini sınayacaqlar. Afrika qitəsində ilk dəfə təşkil olunan olimpiya tədbirində Azərbaycan 8 idman növündə 13 idmançı ilə təmsil olunacaq. İdmançılarımız Dakar Olimpiadasında çimərlik güləşi, üzgüçülük, taekvondo, boks, qılıncoynatma, şose velosipedi, cüdo və atletika idman növləri üzrə yarışlarda mübarizə aparacaqlar. Komandamızın heyətində çimərlik güləşi idman növündə dörd idmançımız - Günel Kərimli (55 kq), Elgün Kərimli (90 kq), Tunar Quliyev (70 kq) və Nihad Süleymanlı (80 kq), üzgüçülük yarışlarında Süleyman İsmayılzadə və Məryəm Cavadova, taekvondoda Zəhra İsayeva (44 kq) və Adil Kazımlı (73 kq), boksda Gülər Hüseynova (51 kq), qılıncoynatmada Abbas Hüseynov, şosse velosipedində Nihad Xudoyev, cüdoda İbrahim Talıbov (-55 kq), atletikada isə Daniil Şuvayev Azərbaycanı təmsil edəcəklər.
Təmsilçilərimizdən mübarizəyə ilk olaraq cüdoçumuz İbrahim Talıbov başlayacaq. -55 kq çəki dərəcəsində qüvvəsini sınayacaq yeniyetmə cüdoçumuz noyabrın 1-də 1/4 finalda İbrahim Mussa (Mərkəzi Afrika Respublikası) / Cahan Zib Tarin (Əfqanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.