Çinin yüksəkgərginlikli elektrik enerjisinin ötürülməsi təcrübəsi Transxəzər dəhlizi üçün tətbiq edilə bilər
- 27 oktyabr, 2026
- 12:32
Yeniliklərdən dərhal xəbərdar olun!
"Transxəzər Yaşıl Enerji Dəhlizi" layihəsini idarə etmək üçün yaradılmış "Yaşıl Dəhliz Alyansı" ("Green Corridor Alliance") birgə müəssisəsi və Çinin "China Southern Power Grid Company Limited International Co., Limited" (CSGIHK) şirkəti Xəzər regionunda yüksəkgərginlikli elektrik enerjisinin ötürülməsi layihələrinin həyata keçirilməsi perspektivlərini öyrənmək üçün anlaşma memorandumu imzalayıblar.
"Report" xəbər verir ki, bu barədə "Yaşıl Dəhliz Alyansı" birgə müəssisəsinin baş direktoru Tural Əliyev "LinkedIn" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Onun sözlərinə görə, sənəd transsərhəd enerji infrastrukturu sahəsində birgə tədqiqatların aparılmasını və strateji əməkdaşlıq imkanlarının qiymətləndirilməsini nəzərdə tutur, birgə təhlil və tədqiqatlar, eləcə də məsləhət və texniki əməkdaşlığın inkişafı üçün əsas yaradır.
Memorandum T. Əliyevin oktyabrın 21-24-də Çinin Quançjou şəhərinə səfəri çərçivəsində imzalanıb. Səfər gedişində o, CSGIHK nümayəndələri ilə görüşlər keçirib, həmçinin Quandun Suydun və Xueyçjou Lunmen konvertor stansiyalarına baş çəkərək, burada ultra yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi və iri enerji sistemlərinin inteqrasiyası texnologiyaları ilə tanış olub.
Bundan əlavə, CSGIHK-nin vitse-prezidenti Qonq Yu ilə görüşdə potensial biznes modelləri, uzunmüddətli tərəfdaşlıq perspektivləri, texniki dəstək, mühəndis ekspertizası və əsaslı xərclərin (CAPEX) optimallaşdırılması imkanları müzakirə edilib.
T.Əliyevin qiymətləndirməsinə görə, Çin şirkəti ilə qarşılıqlı fəaliyyət regional enerji əlaqələrinin və strateji "yaşıl enerji dəhlizləri"nin inkişafı üçün yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi sahəsində Çin təcrübəsinin tətbiqi imkanlarını öyrənməyə şərait yaradacaq.
"Green Corridor Alliance" - "AzərEnerji" ASC, KEGOC SC (Qazaxıstan) və "Özbəkistan Milli Elektrik Şəbəkələri" SC tərəfindən yaradılmış birgə müəssisədir. Onun mənzil-qərargahı Bakıda yerləşir.
Təşəbbüs başlanğıcını Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri tərəfindən 13 noyabr 2024-cü ildə Bakıda keçirilən COP29-da imzalanmış "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişdən götürür. Birgə müəssisənin təsis müqaviləsi 2024-cü il dekabrın 27-də imzalanıb.
Azərbaycan, Qazaxıstan və Özbəkistan 2025-ci il aprelin 4-də Asiya İnkişaf Bankının (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) dəstəyi ilə "Transxəzər yaşıl enerji dəhlizi" təşəbbüsünün birinci mərhələsinin işə salındığını elan edib.
Layihə üç ölkənin elektroenergetika sistemlərinin inteqrasiyasını və bərpa olunan enerji mənbələrindən Avropaya elektrik enerjisinin tədarükü üçün marşrutun yaradılmasını nəzərdə tutur. Birinci mərhələ çərçivəsində ölkələr maliyyələşdirilməsi ADB və AIIB tərəfindən təmin edilən texniki-iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanması barədə razılığa gəliblər.