BCM yeni prokuroru 2027-ci ilin dekabrında seçəcək
- 27 oktyabr, 2026
- 22:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Kərim Xanın istefasından sonra yeni prokurorun seçilməsi proseduruna başlayıb.
"Report" xəbər verir ki, bu barədə BCM-in bəyanatında bildirilib.
Məlumata görə, proses Roma Statutunun iştirakçı dövlətlərinin assambleyasının üzvləri ilə məsləhətləşmələrdən sonra başladılıb.
"Bu prosedur vasitəsilə Assambleya BCM prokuroru vəzifəsinə ən yüksək ixtisaslı namizədləri cəlb etməyə çalışır", - deyə assambleya sədri Payvi Kokurantan bildirib.
Ərizələrin qəbulu bu il oktyabrın 31-dən 2027-ci il yanvarın 31-nə dək həyata keçiriləcək. Bu vəzifəyə müstəqil şəkildə namizədliklər irəli sürülə bilər, iştirakçı dövlətlər və ya onların qrupları da ayrı-ayrı şəxslərin adından ərizə verə bilərlər. Yeni prokuror 2027-ci ilin dekabrında seçiləcək.
Xatırladaq ki, iyulun 24-də Kokuranta Nyu-Yorkda Assambleyanın xüsusi sessiyası zamanı bildirmişdi ki, nəzarət orqanı Xanı cinsi qısnamalarla bağlı ittihamlara görə vəzifəsindən kənarlaşdırmaq barədə qərar qəbul edib. Qeyd olunub ki, onun vəzifədən azad edilməsinə BCM-in 125 ölkəsindən 82-si səs verib.