Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir

Energetika
  • 09 noyabr, 2026
  • 13:50
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir

Azərbaycan elektrikləşdirilmənin çətin olduğu iqtisadi sahələrin dekarbonizasiyası məqsədilə mavi və yaşıl hidrogenin genişmiqyaslı istehsalını təşkil etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu, ölkənin Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında əks olunub.

Bu sənədə əsasən, Azərbaycan ağır sənaye və energetika sektorunun karbonsuz fəaliyyət modelinə keçidi prosesində hidrogenə mərkəzi rol ayırır. Artıq formalaşmış qaz nəqli infrastrukturu nəzərə alınmaqla ilkin mərhələdə yaranan CO₂ emissiyalarının 85 %-ə qədərini tutub saxlamağa imkan verən karbon qazının tutulması və saxlanması (CCUS) texnologiyalarının tətbiqi ilə metanın buxar reforminqi (SMR) vasitəsilə mavi hidrogen istehsalı ən səmərəli seçimdir. Bərpa olunan mənbələrdən əldə edilən artıq enerjinin gələcəkdə həm enerjitutumlu sahələr tərəfindən daxili istehlaka, həm də perspektivli ixrac istiqamətlərinə yönəlmiş yaşıl hidrogenin elektroliz istehsalında istifadə edilməsi planlaşdırılır.

2022-ci ildə enerji sektoru ölkənin ümumi emissiyalarının təxminən 21 %-ni (14,4 milyon ton CO₂ ekv.) təşkil edib və milli təsərrüfatın genişmiqyaslı şəkildə elektrikləşdirilməsi üçün təməl rolunu oynamalıdır.

Strategiyada qeyd edilir ki, respublikada bərpa olunan enerjinin texniki potensialı quruda 135 QVt-dan, dənizdə 157 QVt-dan çoxdur. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt səviyyəsində (o cümlədən 23 QVt günəş enerjisi, 3 QVt külək enerjisi, dağ çaylarının 520 MVt potensialı və 380 MVt bioenerji potensialı) qiymətləndirilir. Sənəd həmçinin yüksəkgərginlikli elektrik verilişi xətlərinin əhəmiyyətli dərəcədə gücləndirilməsini, yeni yarımstansiyaların inşasını və rəqəmsal idarəetmə sistemlərinin (SCADA, ADMS, GIS) inteqrasiyasını nəzərdə tutur ki, bu da paylayıcı şəbəkələrdə texniki itkilərin 1-2 % azalmasını təmin edəcək. Bərpa olunan enerji istehsalının fasiləli xarakterini kompensasiya etmək və enerji sisteminin dayanıqlığını qorumaq məqsədilə uzunmüddətli enerji saxlanc sistemlərinin (LDES) tətbiqinə başlanılıb. Xüsusilə "AzərEnerji" şirkəti 250 MVt tutumlu enerji saxlama sistemini artıq istismara verib.

Azərbaycan Energetika Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) birgə hazırladığı Milli Hidrogen Strategiyasına əsasən, karbonun tutulub saxlanması (CCS) texnologiyasının həyat qabiliyyətli olması şərtilə "mavi hidrogen" ölkədə iqtisadi cəhətdən ən səmərəli hidrogen növü olacaq. Onun bir kiloqramının qiyməti 2,87 avro təşkil edəcək ki, bunun da 1,98 avrosu enerji xərcləri, 0,31 avrosu əsaslı xərclər (CAPEX), 0,59 avrosu isə əməliyyat xərcləridir (OPEX).

Eyni zamanda, bərpa olunan enerji mənbələrindən alınan yaşıl hidrogenin istehsalı daha baha başa gəlir. Orta istehsal həcmlərinə malik olan zavod üçün onun qiyməti bir kiloqram üçün 4,02 avro təşkil edəcək (2,52 avro - enerji xərcləri, 1,2 avro - CAPEX, 0,3 avro - OPEX). Lakin istehsal prosesinin optimallaşdırılması nəticəsində qiymət bir kiloqram üçün 3,6 avroya qədər azaldıla bilər (enerji xərcləri - 2,55 avro, CAPEX - 0,84 avro, OPEX - 0,21 avro).

Müqayisə üçün Avropa İttifaqında "yaşıl hidrogen"in orta qiyməti bir kiloqrama görə 5,05 avroya çatır. Onun xərc strukturunda 2,74 avro enerjinin, 1,85 avro əsaslı xərclərin, 0,46 avro isə əməliyyat xərclərinin payına düşür.