Azərbaycan iqlim öhdəliklərini konkret fəaliyyətlərə çevirməkdə davam edir

Ekologiya
  • 11 noyabr, 2026
  • 18:22
Azərbaycan iqlim öhdəliklərini konkret fəaliyyətlərə çevirməkdə davam edir

Azərbaycan iqlim öhdəliklərini konkret fəaliyyətlərə çevirməkdə davam edir.

"Report"un Antalyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Baş nazirinin müavini Teymur Musayev COP31 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, üçüncü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə çərçivəsində Azərbaycan istixana qazı emissiyalarını 2035-ci ilə qədər 40 % azaltmağı öhdəsinə götürərək, əvvəllər 2050-ci il üçün müəyyən edilmiş hədəf müddətini 15 il əvvələ çəkib.

O qeyd edib ki, bu yaxınlarda təqdim olunan aşağı emissiyalı inkişaf üzrə uzunmüddətli strategiya 2060-cı ilə qədər sıfır emissiya səviyyəsinə çatmağın yolunu müəyyən edir.

"Biz Paris Sazişi çərçivəsində şəffaflıq prinsiplərinə sadiqliyimizi təsdiqləyərək, ikinci ikiillik şəffaflıq məruzəsinin hazırlanmasını müəyyən edilmiş müddətə qədər başa çatdırırıq", - T.Musayev bildirib.

Onun sözlərinə görə, enerji keçidi ölkənin iqlim siyasətinin mərkəzi elementi olaraq qalır: "Bərpa olunan enerji obyektlərinin quraşdırılmış gücü təxminən 2,7 QVt-a çatıb ki, bu da generasiya obyektlərinin ümumi quraşdırılmış gücünün 21,5 %-ni təşkil edir".

Baş nazirinin müavini həmçinin bildirib ki, artıq imzalanmış sazişlər 2030-cu ilə qədər əlavə olaraq təqribən 6 QVt günəş və külək enerjisi güclərinin istifadəyə verilməsini nəzərdə tutur ki, bu da bərpa olunan enerji güclərinin üç dəfə artırılması hədəfinin aşılması yolunda əhəmiyyətli addım olacaq.

O əlavə edib ki, Azərbaycanın səyləri həmçinin metan emissiyalarının azaldılmasına, sənaye səmərəliliyinin artırılmasına, aşağı emissiyalı nəqliyyatın inkişafına və tullantıların dayanıqlı idarə olunmasına yönəlib.

44 filmi