Qətər ABŞ və İran arasında vasitəçiliyi davam etdirir

Digər ölkələr
  • 03 noyabr, 2026
  • 15:23
Qətər ABŞ və İran arasında vasitəçiliyi davam etdirir

Qətər münaqişənin nizamlanması üzrə təklifləri öyrənən ABŞ və İranın mövqelərinin yaxınlaşdırılması istiqamətində səylərini davam etdirir.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsari bildirib.

Onun sözlərinə görə, Fars körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının bütün dövlətləri danışıqlar prosesini poza biləcək gərginliyin daha da artmasına yol verilməməsinin tərəfdarıdırlar.

M.Əl-Ənsari vurğulayıb ki, nizamlanmanın yeganə yolu diplomatiyadan keçir və prosesin bütün iştirakçıları buna sadiqliklərini qoruyub saxlayırlar.

O, həmçinin dəniz təhlükəsizliyi mövzusuna toxunaraq gəmiçilik azadlığının müzakirə obyekti olmadığını bildirib, Qətərə və ya digər dövlətlərə məxsus gəmilərə qarşı istənilən təhdidləri pisləyib.