Qazaxıstan və Gürcüstan kibercinayətkarlıqla mübarizədə əməkdaşlığı gücləndirəcək

Digər ölkələr
  • 05 noyabr, 2026
  • 13:04
Qazaxıstan və Gürcüstan kibercinayətkarlıqla mübarizədə əməkdaşlığı gücləndirəcək

Qazaxıstan və Gürcüstan transmilli cinayətkarlıq və internet dələduzluğu ilə mübarizə, cinayətkarların axtarışı və miqrasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı aktivləşdirmək niyyətindədir.

"Report"un Qazaxıstan bürosunun ölkənin Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu məsələlər Astanada Qazaxıstanın daxili işlər naziri Yerjan Sadenovun gürcüstanlı həmkarı Sulxan Tamazaşvili ilə görüşündə müzakirə edilib.

Görüş kibercinayətkarlıqla mübarizəyə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində baş tutub.

Sadenov cinayət təqibindən gizlənən şəxslərin axtarışı və təhvil verilməsi üzrə gürcüstanlı həmkarlarının operativ işini yüksək qiymətləndirib.

Polis hazırlığına xüsusi diqqət yetirilib. Xüsusilə iki ölkənin təhsil müəssisələri arasında akademik mübadilə, təcrübə və birgə tədqiqat proqramları müzakirə edilib.

Nazirlər həmçinin miqrasiya təhlükəsizliyini müzakirə edib və iki dövlətin hüquq-mühafizə orqanlarının operativ qarşılıqlı fəaliyyətini təmin edən zabitlərin işinin səmərəliliyini qeyd ediblər.

Danışıqların yekunu üzrə tərəflər cinayətkarlıqla mübarizə və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər.