Elene Qubianuri: "Azərbaycanla akvakultura sahəsində əməkdaşlıqda maraqlıyıq"

ASK
  • 05 noyabr, 2026
  • 13:16
Elene Qubianuri: Azərbaycanla akvakultura sahəsində əməkdaşlıqda maraqlıyıq

Gürcüstan Azərbaycanla akvakultura sahəsində əməkdaşlıqda maraqlıdır.

Bunu "Report"a açıqlamasında Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Ətraf Mühit Agentliyinin sədri Elene Qubianuri deyib.

Onun sözlərinə görə, Gürcüstan bu sahəni inkişaf etdirmək yolundadır və azərbaycanlı həmkarların balıqçılıq təsərrüfatı təcrübələri, standartları, dəstək mexanizmləri, eləcə də özəl sektora təklif olunan həvəsləndirici tədbirlər barədə məlumat öyrənməkdə maraqlıdır: "Biz azərbaycanlı həmkarlarımızla əməkdaşlıq etməkdən çox məmnun olarıq. İstərdik ki, onlar balıqçılıq təsərrüfatı təcrübələrini, standartlarını, dəstək mexanizmlərini bölüşsünlər. Özəl sektora hansı həvəsləndirici mexanizmlər təklif edirlər, həmçinin iş adamları üçün maarifləndirmə kampaniyaları necədir, akvakultura üçün sərmayələri necə cəlb edirlər bütün bunları öyrənmək istərdik".

Agentlik sədri qeyd edib ki, Azərbaycanın dəniz akvakulturası sektorunda, xüsusilə də nərə balığı növləri və kürü istehsalı sahəsində çox yaxşı təcrübəsi mövcuddur: "Əgər azərbaycanlı həmkarlar maraqlı olsalar, biz də təcrübəmizi bölüşməkdən məmnun olarıq. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq hüquqi və tənzimləyici bazanı necə inkişaf etdirdik, həmçinin bəlkə də bütün qonşu ölkələrin bir yerdə oturub məhsuldar müzakirələr aparması üçün regional əməkdaşlıq üzrə işçi qrupu yarada bilərik. Məncə, Azərbaycanın dəniz akvakulturası sektorunda, xüsusən də nərə balığı növləri üzrə çox yaxşı təcrübəsi var və biz icazələrin verilməsindən tutmuş sonuna qədər onların təcrübəsini eşitmək istərdik. Öyrənmək istərdik ki, lisenziyaları necə yoxlayırlar və hökumət özəl sektordan investisiyalar üçün daha çox maraq oyatmaq məqsədilə hansı tədbirlər görür?".

E.Qubianuri qeyd edib ki, Gürcüstan da sektorun daha yaxşı texnologiyalara və rəqəmsal transformasiyasına doğru yoldadır: "Biz artıq rəqəmsal transformasiya baxımından bir neçə addım atmışıq. Çünki yoxlamalar və məlumatların toplanması üçün artıq elektron jurnallarımız mövcuddur. Bildiyim qədər Azərbaycan da bu istiqamətdə transformasiya üdir. Ona görə də təcrübə mübadiləsi aparmaq vacibdir. Azərbaycan kürü və nərə balığı istehsalına görə regionun aparıcı ölkələrindən biri olduğundan, texnologiyaların nə olduğunu və sənayenin necə işlədiyini görmək çox vacibdir. Gələcəkdə regionda, xüsusilə də Gürcüstan üçün inkişaf etmiş akvakultura sektoru, daha çox balıq fermaları, balıq istehsalı görmək istərdim və bəlkə də hər bir ölkə üçün idxalı daxili məhsulla əvəz etmək olar".