Bosniya və Herseqovinada iqtisadi artım daxili istehlak hesabına təmin edilir
- 11 noyabr, 2026
- 00:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Bosniya və Herseqovinada 2026-cı ildə iqtisadi artım əsasən daxili istehlak hesabına təmin olunur.
"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə "Raiffeisen Bank"ın analitiklərinin hesabatında bildirilib.
Analitiklərin proqnozlarına görə, 2026-cı ildə ölkənin real ümumi daxili məhsulunun (ÜDM) 2,3 faiz artacağı, orta illik inflyasiyanın isə 4,7 faiz təşkil edəcəyi gözlənilir.
Hesabata əsasən, ilin ilk yarısında real ÜDM-in illik artımı birinci rübdəki 2,3 faizdən ikinci rübdə 2,4 faizə yüksəlib. İqtisadi artımın əsas mənbəyi olan özəl istehlak 3 faiz artaraq ÜDM-in 68,9 faizini təşkil edib. Buna orta əməkhaqlarının 7 faiz, ev təsərrüfatlarına verilən kreditlərin 13,4 faiz, xaricdən pul köçürmələrinin isə 7,5 faiz artması dəstək verib.
Bununla yanaşı, dövlət istehlakı 2,1 faiz, investisiyalar isə cəmi 0,9 faiz artıb.
Xarici ticarət isə iqtisadi artıma mənfi təsir göstərməkdə davam edib. İlin ilk yarısında idxal 1,6 faiz, ixrac 1,2 faiz artıb. Nəticədə xalis ixrac ÜDM-in artım tempini 0,8 faiz bəndi aşağı salıb.
Sənaye istehsalında geriləmə fonunda xidmət sektorunda artım qeydə alınıb. Belə ki, emal sənayesində istehsal 2,7 faiz, elektrik enerjisi istehsalı 4,8 faiz azalıb. Eyni dövrdə ticarət sektoru 6,3 faiz, informasiya texnologiyaları xidmətləri 4 faiz, yerləşdirmə və ictimai iaşə sektoru isə 7,6 faiz böyüyüb.
Hesabatda inflyasiya təzyiqlərinin də gücləndiyi vurğulanıb. Sentyabrda illik inflyasiya 6 faizə çatıb. Əsas qiymət artımı yanacaq sektorunda qeydə alınıb. Yanacağın qiyməti 27,6 faiz bahalaşıb. Elektrik enerjisi və qazın qiymətləri 14,3 faiz, mənzil xərcləri 12,7 faiz, su təchizatı xidmətləri isə 9,6 faiz artıb. Ərzaq məhsullarının qiymətləri 0,1 faiz azalıb. İlin ilk doqquz ayında orta inflyasiya 4,8 faiz təşkil edib.
Sənaye istehsalı yanvar-sentyabr aylarında illik müqayisədə 2,1 faiz azalıb. Geriləməyə əsasən dağ-mədən sənayesində istehsalın 16,7 faiz azalması səbəb olub.
Bundan başqa, ölkənin xarici ticarət kəsiri ilin ilk səkkiz ayında 9,3 milyard Bosniya markasına (təxminən 4,76 milyard avro) çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz çoxdur. Yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi 11,1 faiz artıb, orta aylıq xalis əməkhaqqı isə 1 685 Bosniya markası (təxminən 861,53 avro) təşkil edib.
Analitiklər qeyd ediblər ki, əhalinin gəlirlərində artım müşahidə olunsa da, məşğulluq və işsizlik göstəricilərindəki paralel azalma ölkədə demoqrafik təzyiqlərin və daxili əmək qüvvəsinin azalmasının göstəricisidir.