"Tesla" Almaniyadakı zavodunun genişləndirilməsinə 3 mlrd avro yatıracaq
- 16 noyabr, 2026
- 22:08
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin "Tesla" şirkəti Qrünhaydedəki (Brandenburq əyaləti, Almaniya) müəssisəsinin genişləndirilməsinə 3 milyard avro investisiya yatırmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Bildilirb ki, vəsaitlər "Cybercab" pilotsuz taksilərinin istehsalı üçün yeni istehsalat korpusunun, eləcə də köməkçi binaların və əlavə çirkab sularının təmizlənməsi stansiyasının tikintisinə yönəldiləcək.
Tikinti işlərinin başlanması 2027-ci ilin birinci yarısına, istehsalın işə salınması isə 2029-cu ilə planlaşdırılır. Cari ildə şirkət hələ 2023-cü ildə təqdim olunmuş daha irimiqyaslı layihəyə əsaslanaraq tikintiyə icazə almaq üçün müraciət etmək niyyətindədir.
Müəssisə gələcəkdə 1 milyonadək robotaksi istehsal edə biləcək. Bundan əlavə, Qrünhaydedəki zavodda mövcud modellərin buraxılış həcmi həftədə 7,5 min avtomobilə qədər artırılacaq, eləcə də akkumulyator elementlərinin istehsalı genişlənəcək.
"Tesla"dan bildirlib ki, bu genişləndirmə şirkətin texnoloji cəhətdən ən qabaqcıl müəssisəsi olacaq zavodun əsasını yaratmağa imkan verəcək.
Brandenburq rəsmiləri ABŞ istehsalçısının planlarını müsbət qiymətləndiriblər. Federal əyalətin Baş naziri Ditmar Voydke bu investisiyaları Almaniya sənayesi və region iqtisadiyyatı üçün mühüm siqnal adlandırıb.