"TDT liderlərinin IX Zirvə Görüşünün ölkələr arasında münasibətlərin möhkəmlənməsində əhəmiyyətli rolu olacaq" - RƏY

Xarici siyasət
  • 12 noyabr, 2022
  • 11:21
TDT liderlərinin IX Zirvə Görüşünün ölkələr arasında münasibətlərin möhkəmlənməsində əhəmiyyətli rolu olacaq - RƏY

"Ötən gün Səmərqənddə keçirilən TDT liderlərinin IX Zirvə Görüşünün dini, dili, mədəni və gələcəyə baxışları eyni olan 7 dövlətin bu günün çağırışlarına uyğun münasibətlərin möhkəmlənməsində əhəmiyyətli rolu olacaq".

Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Azər Badamov deyib.

Onun sözlərinə görə, dünya ölkələri arası münasibətlər müəyyən dairələrin maraqları üzündən özünün ən çətin dövrünü yaşayır:

"Müasir dünya yeni çağırışları meydana gətirib. Bu çağırışlar yeni əməkdaşlıq formatların yaradılmasını aktuallaşdırır. Dünyada nəinki fərqli dinlərə mənsub ölkələr arasında müharibələr və ikili standartlar günü-gündən dərinləşir. Hətta dini və mədəni eynilikləri olan ölkələr arasında da ziddiyyətlərin artdığını müşahidə edirik".

YAP funksioneri söyləyib ki, bu gün yeni dünya nizamında fəaliyyəti ilə ən aktiv və perespektivli format Türk Dövlətləri Təşkilatıdır (TDT):

"Ötən gün Səmərqənddə keçirilən TDT liderlərinin IX Zirvə Görüşünün dini, dili, mədəni və gələcəyə baxışları eyni olan 7 dövlətin bu günün çağırışlarına uyğun münasibətlərin möhkəmlənməsində əhəmiyyətli rolu olacaq. Xüsusilə qeyd etmək istəyirəm ki, TDT liderlərinin IX Zirvə Görüşündə aparılan müzakirələrdə və görüşlərdə əsas diqqət mərkəzində Azərbaycan olub. Çünki bu gün Azərbaycan öz gücü ilə torpaqlarını işğaldan azad etməklə yanaşı bu təşkilata daxil ölkələrin bir-biri ilə bağlantının genişlənməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində zamanında icra olunmuş beynəlxalq tranzit və karbohidrogen resurslarının ixracı layihələri nəinki ölkəmiz, həm də böyük bir coğrafiya üçün böyük əhəmiyyətə malikdir. Zirvə toplantısında imzalanmış bəyannamənin müddəalarına nəzər salsaq görərik ki, razılaşmalar iqtisadi, mədəni, humanitar və təhlükəsizlik məsələrdə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur. Həm də müzakirələr zamanı dünyada yaşayan türkdilli xalqlar arasında koordinasiyalı fəaliyyətlərin aparılması məsələsinə dair səsləndirilən fikirlər də böyük əhəmiyyətə malikdir".

Deputat vurğulayıb ki, Zirvə toplantısının yekun bəyannaməsində qeyd olunmuş Zəngəzur dəhlizinin istifadə verilməsi türk dünyası arasında fiziki bağlantı yaratmaqla yanaşı ölkələrimiz arası iqtisadi imkanların genişlənməsinə töhfə verəcək:

"TDT-yə daxil ölkələr əhalisi 200 milyondan çox olan və təbii resurslarla zəngin bir coğrafiyada yerləşir. Amma təəssüf ki, ölkələrimiz arası ticari-iqtisadi dövrüyyə mövcud potensialdan aşağıdır. Hesab edirəm ki, əldə olunmuş razılaşmaların icrası sayəsində ölkələrimiz arası iqtisadi münasibətlər daha dərinləşəcək və ticarət dövrüyyəsi dəfələrlə artacaq.

Belə ki, bəyannamədə Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları Türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti, ənənələri və dəyərlərinə əsaslanan TDT-nin çoxtərəfli çərçivəsində əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək əzmində olduqlarını təkrarlayıb, Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazırlıqlarını bir daha təsdiqləyiblər. Özbəkistan və Qazaxıstan işğaldan azad edilmiş ərazilərimizdə yenidən qurma və bərpa işlərinə artıq töhfə verməyə başlayıb. Hesab edirəm ki, Füzulidə tikiləcək məktəb və yaradıcılıq mərkəzi xalqlarımızın qardaşlıq simvoluna çevriləcək. 2023-cü il Şamaxının "Türk dünyasının turizm paytaxtı" elan olunması, 2022-2026-cı illər üzrə TDT-nin Strategiyasının təsdiqlənməsi və Səmərqəndin "Türk sivilizasiyası paytaxtı" elan olunması tarixi hadisədir və gələcəkdə xalqlarımızın birimizə daha yaxınlaşmasına xidmət edəcək".