Gəncə Regional Turizm Şurasının ilk iclası keçirilib

Turizm
  • 30 oktyabr, 2026
  • 18:30
Gəncə Regional Turizm Şurasının ilk iclası keçirilib

Gəncə şəhərində Gəncə Regional Turizm Şurasının ilk iclası keçirilib.

Bu barədə "Report"a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Şuranın əhatə etdiyi Gəncə şəhəri, Göygöl, Daşkəsən, Gədəbəy, Samux, Şəmkir, Qazax, Ağstafa və Tovuz rayonlarında fəaliyyət göstərən dövlət qurumlarının yerli strukturlarının nümayəndələri, həmçinin turizm sektoru ilə əlaqəli dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.

İclas zamanı rayon icra hakimiyyəti başçılarının müavinləri çıxış edərək Regional Turizm Şurasının yaradılmasının Qərb regionunun sosial-iqtisadi inkişafına, yerli turizm potensialının daha səmərəli istifadəsinə və əhalinin rifah səviyyəsinin yüksəldilməsinə töhfə verəcəyini vurğulayıblar.

Dövlət Turizm Agentliyi sədrinin müşaviri, Regional Şuranın sədri Kənan Quluzadə "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın mahiyyəti, ölkədə turizm sənayesinin inkişafına verəcəyi töhfələr və Proqramdan irəli gələn vəzifələr barədə məlumat verib. Regionların inkişafına dair "Təkliflər Planı"nda əks olunan turizmdə əlçatanlıq və infrastruktur, turizm məhsulları və təcrübələri, turizmdə marketinq, təbliğat və rəqəmsallaşma, turizm sənayesinin inkişafı, turizmdə insan resursları və keyfiyyət standartları kimi fəaliyyət istiqamətləri, əsas icraçı qurumların görəcəyi işlər geniş müzakirə olunub.

K.Quluzadə şuranın yaradılma məqsədləri və fəaliyyətini tənzimləyən hüquqi çərçivə barədə ətraflı danışıb. O qeyd edib ki, bu təşəbbüs dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinə, turizm sahəsində əlaqələndirmənin təkmilləşdirilməsinə və regionun turizm potensialının reallaşdırılması istiqamətində birgə fəaliyyətin genişləndirilməsinə xidmət edəcək.

Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov isə Regional Turizm Şuralarının yerli turizm potensialının üzə çıxarılması və vahid yanaşma əsasında rəqabətqabiliyyətli turizm məhsullarının yaradılması baxımından əhəmiyyətini diqqətə çatdırıb. O bildirib ki, Qərb regionunun zəngin təbiəti, tarixi-mədəni irsi, kənd və aqroturizm imkanları, eləcə də mövcud turizm infrastrukturu ərazinin həm daxili, həm də beynəlxalq turizm bazarlarında daha geniş tanıdılması üçün mühüm imkanlar yaradır.

Azərbaycan Turizm Bürosunun Destinasiyaların inkişafı və turizm məhsulu departamentinin direktoru Heybət Vəliyev çıxışında Şuranın əhatə etdiyi rayonlarda Turizm Bürosunun həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verib.

Görüş çərçivəsində Şuranın prioritet fəaliyyət istiqamətləri, regionlarda turizmin dayanıqlı inkişafını təşviq edən birgə layihələrin icrası, müxtəlif qurumlar arasında əlaqələndirmənin gücləndirilməsi və operativ qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Bununla yanaşı, Qərb regionunda turizm infrastrukturunun inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi, mövcud turizm marşrutlarının təkmilləşdirilməsi və yerli əhalinin turizm fəaliyyətinə daha fəal cəlb olunması istiqamətində fikir mübadiləsi aparılıb. Regionun ayrı-ayrı ərazilərinin turizm imkanlarının bir-birini tamamlaması, yerli məhsul və xidmətlərin turizm dəyər zəncirinə inteqrasiyası, eləcə də yeni turizm məhsullarının yaradılması məsələləri diqqət mərkəzində olub.

İclasda növbəti mərhələdə həyata keçirilməsi nəzərdə tutulan layihələr üzrə əsas prioritetlər müəyyənləşdirilib. Bu çərçivədə dövlət qurumları və yerli icmalar arasında əməkdaşlığın genişləndirilməsinin, mövcud resurslardan səmərəli istifadənin və birgə təşəbbüslərin dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.

Xatırladaq ki, bu il Quba, Qəbələ, Qax-Balakən Regional Turizm Şuralarının iclasları keçirilib. Şuralar turizm sahəsinin effektiv idarə olunmasının təmin edilməsi, mövcud çağırışlara çevik yanaşmaların tətbiqi, yerli səviyyədə koordinasiyanın gücləndirilməsi və dövlət-özəl sektor əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə yaradılıb. Gəncə Regional Turizm Şurasının fəaliyyəti Qərb regionunda turizmin vahid yanaşma əsasında inkişafına, ərazilərin turizm imkanlarının daha səmərəli təqdim edilməsinə və regional əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.