Məzahir Pənahov "Antalya Beynəlxalq Seçki Forumu"nda iştirak edir
- 25 noyabr, 2026
- 10:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın seçki qanunvericiliyinin yaratdığı imkanlar, müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi "Antalya Beynəlxalq Seçki Forumu"nda diqqətə çatdırılıb.
"Report" xəbər verir ki, bununla bağlı forumda çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.
MSK sədri müşahidəçilərin və media nümayəndələrinin seçki prosesində sərbəst iştirakı, eləcə də ictimaiyyətin dəqiq və operativ məlumatlandırılması istiqamətində əldə olunan nailiyyətlərdən danışıb.
M.Pənahov rəqəmsal mühitdə dezinformasiyaya qarşı mübarizənin və beynəlxalq təcrübə mübadiləsinin aktuallığını xüsusi qeyd edib.
O, çıxışında seçki prosesində aşkarlığın və şəffaflığın təmin olunmasının, media və ictimaiyyətlə səmərəli kommunikasiyanın və seçki subyektlərinin maarifləndirilməsinin əhəmiyyətindən bəhs edib.
Qeyd edilib ki, Türkiyə Yüksək Seçim Kurulunun təşəbbüsü ilə təşkil olunan beynəlxalq forum müasir dövrdə seçki proseslərinə təsir göstərən qlobal tendensiyalar, seçki idarəçiliyi, seçki proseslərində müasir çağırışlar, seçki qurumlarının media ilə münasibətləri və ictimaiyyətlə əlaqələr, seçkilərin hazırlanıb keçirilməsində şəffaflıq və ictimaiyyətlə səmərəli kommunikasiyanın təmin olunması kimi bir sıra aktual məsələləri əhatə edir.
Səfər çərçivəsində MSK sədri türkiyəli həmkarı ilə yanaşı, foruma qatılan xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə də görüşüb. Görüşlərdə seçki sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qurumlararası əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Bildirilib ki, ümumilikdə 23 ölkə və beynəlxalq qurumdan 75 nümayəndənin qatıldığı "Antalya Beynəlxalq Seçki Forumu" seçki idarəçiliyi sahəsində beynəlxalq dialoqun inkişafı, müxtəlif ölkələrin ali seçki qurumları arasında əlaqələrin möhkəmləndirilməsi, yeni əməkdaşlıq imkanları və qabaqcıl təcrübələrin qarşılıqlı mübadiləsi baxımından əhəmiyyətli beynəlxalq platformadır.