Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub

Xarici siyasət
  • 09 noyabr, 2026
  • 05:58
Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub

Böyük Britaniyanın paytaxtı Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə "Zəfərin əks-sədası" adlı konsert proqramı təşkil olunub.

Bu barədə "Report"a Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyindən bildirilib.

Dünyanın ən qabaqcıl konservatoriyalarından olan tarixi Kral Musiqi Kollecində keçirilən tədbir Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının, Britaniya Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Azərbaycan diasporunun nümayəndələri, incəsənət xadimləri və Londonda yaşayan həmvətənlərimiz, həmçinin Türkiyənin Britaniyadakı səfirliyinin yüksək vəzifəli diplomatları iştirak ediblər.

E.Süleymanov iştirakçıları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərək, bu tarixin Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət daşıdığını bildirib.

Qeyd olunub ki, tarixi Zəfərin əldə olunmasında Prezident İlham Əliyevin qətiyyətli liderliyi, uzaqgörən siyasəti və strateji baxışı mühüm rol oynayıb. Azərbaycan xalqı dövlət başçısının rəhbərliyi altında vahid məqsəd ətrafında birləşərək birlik və həmrəylik nümayiş etdirib. O, Vətən müharibəsi zamanı minlərlə gəncin həyatını itirdiyini xatırladaraq, bu Qələbənin arxasında böyük fədakarlıqların dayandığını qeyd edib.

Azərbaycan vətəndaşları və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar hazırda ölkənin tarixində xüsusi dövrü yaşayırlar. O, bu tarixi məqamın əhəmiyyətinin unudulmamasının, xalqın birlik və həmrəyliyinin qorunmasının, gələcəyə doğru birgə addımlamağın vacibliyini vurğulayıb.

Diplomat çıxışında 9 Noyabr – Dövlət Bayrağı Gününə də toxunub. Azərbaycan bayrağının bu gün ucalarda dalğalanmasının böyük mübarizə və fədakarlıqlar hesabına mümkün olduğunu bildirən səfir, şəhidlərin xatirəsinin daim yaşadılmasının və üçrəngli bayrağımızın hər zaman uca tutulmasının əhəmiyyətini qeyd edib.

Daha sonra Türkiyənin Britaniyadakı səfirliyinin birinci müşaviri Əlvan Hacıəfəndioğlu çıxış edib. O, Azərbaycan xalqını Zəfər bayramı münasibəti ilə təbrik edib. Ə.Hacıəfəndioğlu "Bir millət, iki dövlət" ifadəsinin iki ölkə arasında dərin bağları göstərdiyini söyləyərək Türkiyə və Azərbaycanın hər zaman yan-yana dayandığını və həmişə də belə davam edəcəyini əlavə edib.

Tədbir bədii proqramla davam edib. Səadət Fərziyevanın rəhbərlik etdiyi "Qarabağ" məktəbinin və "Acapella" akademiyasının tələbələri müxtəlif musiqi əsərləri ifa ediblər. Həmçinin konsert proqramında Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, beynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü, pianoçu Vüsalə Babayeva, Londonda yaşayan istedadlı həmyerlimiz, müğənni Emin Eminzadə, kamança ifaçısı Rasim Fərziyev və Əməkdar mədəniyyət işçisi, tarzən Rafiq Rüstəmov çıxış edərək Azərbaycan və dünya musiqilərindən nümunələr ifa ediblər.

Konsertde iştirak edən Britaniyadakı həmyerlilərimiz "Can Qarabağ", "Yaşa Azərbaycan", "Ey əziz Anam, Azərbaycan" və sairə mahnıları musiqiçilərlə birgə səsləndirərək Zəfər coşqusu yaşayıblar.