İƏT-ə üzv dövlətlər üçün korrupsiyanın ölçülməsi üzrə tövsiyələr hazırlanıb
- 30 oktyabr, 2026
- 17:14
Yeniliklərdən dərhal xəbərdar olun!
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətləri üçün korrupsiyanın ölçülməsi və antikorrupsiya tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi üzrə tövsiyələr hazırlanıb.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu il oktyabrın 27–28-də Bakı şəhərində Azərbaycan Baş Prokurorluğunun təşkilatçılığı ilə keçirilən İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində Azərbaycan Baş Prokurorluğu və Səudiyyə Ərəbistanın Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının (NAZAHA) birgə təşkilatçılığı ilə "Korrupsiyanın ölçülməsinin təkmilləşdirilməsi: Qlobal Təşəbbüs çərçivəsində əldə olunan irəliləyişlər və milli perspektiv" mövzusunda xüsusi sessiya təşkil olunub.
Sessiyada korrupsiyanın ölçülməsi sahəsində mövcud beynəlxalq təcrübə, milli qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də antikorrupsiya siyasətinin nəticələrinin obyektiv meyarlar əsasında müəyyən edilməsi məsələləri müzakirə olunub.
İclasda Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Qurumunun "Nazaha", BMT-nin İnkişaf Proqramının (UNDP), Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA), GlobE Şəbəkəsinin və Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndələri çıxış ediblər.
Baş Prokurorluğun nümayəndələri çıxış zamanı Azərbaycanda korrupsiyaya qarşı mübarizənin vəziyyətinin mütəmadi təhlili, statistik məlumatların və cinayət işlərinin araşdırılması əsasında korrupsiyanı doğuran səbəb və şəraitin müəyyən edilməsi, onların aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların verilməsi, habelə antikorrupsiya tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi üzrə mövcud təcrübə barədə məlumat veriblər. Eyni zamanda, 2022-2026-cı illər üzrə Milli Fəaliyyət Planının icrası, 2027-2029-cu illər üçün yeni Milli Fəaliyyət Planının hazırlanması və korrupsiya risklərinin qiymətləndirilməsi üzrə milli çərçivənin formalaşdırılması istiqamətində görülən işlərə toxunublar.
Bundan başqa, çıxışlarda korrupsiya göstəricilərinin dövlətlərin beynəlxalq nüfuzuna və iqtisadi maraqlarına təsiri nəzərə çatdırılaraq, bu sahədə qiymətləndirmələrin yalnız ictimai qavrayış və rəylərə deyil, etibarlı milli statistikaya, faktiki məlumatlara və elmi əsaslandırılmış metodologiyalara söykənməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, korrupsiyanın ölçülməsinin yalnız mövcud vəziyyətin müəyyənləşdirilməsi ilə məhdudlaşmamalı, həyata keçirilən antikorrupsiya tədbirlərinin real nəticələrinin və institusional dəyişikliklərin qiymətləndirilməsinə xidmət etməli olduğu bildirilib.
Müzakirələrin yekunu olaraq İƏT üzv dövlətləri üçün korrupsiyanın ölçülməsi və antikorrupsiya tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi üzrə tövsiyələr hazırlanıb.
Sənəd üzv dövlətlərdə bu sahədə vahid yanaşmaların formalaşdırılmasını, milli qiymətləndirmə sistemlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasını, müvafiq dövlət qurumlarının institusional və analitik imkanlarının gücləndirilməsini, habelə rəqəmsal həllərin tətbiqini təşviq edir.
Bununla yanaşı, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), BMT-nin İnkişaf Proqramı (UNDP), Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) və digər müvafiq beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi, İƏT üzv dövlətlərinin beynəlxalq ekspert şəbəkələrində təmsilçiliyinin təşviqi və aidiyyəti beynəlxalq platformalarda mövqelərinin əlaqələndirilməsi nəzərdə tutulur.
Hazırlanmış tövsiyələr korrupsiyaya qarşı mübarizədə sübutlara əsaslanan qərarların qəbul edilməsinə, milli səviyyədə institusional potensialın inkişafına və İƏT çərçivəsində bu sahədə çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə töhfə vermək məqsədi daşıyır.