Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü keçirilib - Yenilənib
- 27 oktyabr, 2026
- 17:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyası keçirilib.
"Report"un məlumatına görə, sessiyada müxtəlif ölkələri və beynəlxalq təşkilatları təmsil edən nümayəndələr "Tərəfdaşlıqdan birgə fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq naminə qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsi" mövzusunda fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı müasir dövrdə mədəniyyətlərarası dialoqun gücləndirilməsinin əhəmiyyəti, qlobal təhdidlər və çağırışlar fonunda süni intellektin yaratdığı imkanlar, eləcə də mədəni irsin qorunması və təbliği sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Çıxışlarda ortaq təşəbbüslərin və birgə layihələrin həyata keçirilməsinin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, mədəni müxtəlifliyin qorunmasına və dayanıqlı əməkdaşlığın inkişafına töhfə verdiyi vurğulanıb.
Qeyd olunub ki, texnoloji inkişafın sürətləndiyi müasir dövrdə süni intellektdən səmərəli istifadə etməklə mədəni irsin qorunması, mədəniyyətlər arasında təcrübə mübadiləsinin genişləndirilməsi və dialoq imkanlarının artırılması üçün yeni perspektivlər yaranır. Bununla yanaşı, bu imkanlardan faydalanmaq üçün ölkələr və beynəlxalq təşkilatlar arasında əlaqələndirilmiş fəaliyyətin və qarşılıqlı tərəfdaşlığın gücləndirilməsi vacibdir.
Çıxışlarda Bakı prosesinin mədəniyyətlərarası dialoqun təşviqi, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və qlobal çağırışlara birgə yanaşmaların formalaşdırılması baxımından əhəmiyyətli platforma kimi özünü təsdiqlədiyi bildirilib.
Bakı Prosesi çərçivəsində keçirilən görüşlərin müxtəlif ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək ortaq məqsədlər ətrafında fikir mübadiləsinə və konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə şərait yaratdığı qeyd edilib.
Sessiyanın iştirakçıları yüksək səviyyəli təşkilatçılığa və beynəlxalq dialoqun inkişafına göstərilən dəstəyə görə Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və Mədəniyyət Nazirliyinə təşəkkürlərini bildiriblər.
Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyası keçirilir.
"Report"un məlumatına görə, sessiyanın birinci hissəsi "Tərəfdaşlıqdan birgə fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq naminə qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsi"nə həsr olunub.