Azərbaycan və Avropa arasında diplomatik proseslər yeni inkişaf mərhələsinə qədəm qoyur - Rəy

Xarici siyasət
  • 12 noyabr, 2026
  • 11:46
Azərbaycan və Avropa arasında diplomatik proseslər yeni inkişaf mərhələsinə qədəm qoyur - Rəy

Dublindən Bakıya uzanan diplomatik proseslər Azərbaycanın Avropa ilə münasibətlərinin inkişafında yeni mərhələni ifadə edir.

Bunu "Report"a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

Onun sözlərinə görə, Avropada geosiyasi proseslərin sürətlə dəyişdiyi, təhlükəsizlik və enerji məsələlərinin beynəlxalq gündəliyin əsas prioritetlərinə çevrildiyi bir dövrdə Azərbaycanın strateji əhəmiyyəti getdikcə artmaqdadır:

"İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı bu baxımdan xüsusi diqqət çəkir. Azərbaycanın Avropa siyasi məkanında artan fəallığı və ölkəmizlə əməkdaşlığa göstərilən maraq Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi ardıcıl, praqmatik və milli maraqlara əsaslanan diplomatik fəaliyyətin nəticələsidir. Dövlət başçısının beynəlxalq müstəvidə apardığı siyasi dialoq, irəli sürdüyü təşəbbüslər Azərbaycanın strateji tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində mühüm rol oynayıb. Xüsusilə 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə toplantısının Bakıda keçirilməsi barədə qərar bu diplomatik fəaliyyətin əhəmiyyətini nümayiş etdirən hadisələrdən biridir".

O qeyd edib ki, Azərbaycanın Avropa liderləri üçün əhəmiyyətinin artması, ilk növbədə, Prezident İlham Əliyevin həyata keçirdiyi enerji diplomatiyasının nəticələri ilə sıx bağlıdır.

Ülviyyə Zülfiqar
"Dövlət başçısının təşəbbüsü və siyasi iradəsi ilə reallaşdırılan strateji enerji layihələri Azərbaycanı Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan birinə çevirib. Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi, Avropa bazarlarına təbii qaz tədarükünün genişləndirilməsi və yaşıl enerji sahəsində yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi uzunmüddətli strateji baxışın nəticələridir. Məhz bu siyasət sayəsində Azərbaycan Avropanın enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayan ölkələrdən biri kimi mövqeyini möhkəmləndirib. Bu gün Avropa liderlərinin Azərbaycanla əməkdaşlığa göstərdiyi maraq da bu tərəfdaşlıq münasibətləri ilə bilavasitə əlaqədardır", - deyə Ü.Zülfiqar bildirib.

Siyasi şərhçi əlavə edib ki, Prezident İlham Əliyevin diplomatik fəaliyyətinin mühüm nəticələrindən biri də Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemində strateji mövqeyinin gücləndirilməsidir:

"Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən infrastruktur layihələri və bu istiqamətdə aparılan beynəlxalq danışıqlar Azərbaycanın Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağına çevrilməsinə şərait yaradıb. Qlobal ticarət marşrutlarında alternativ bağlantılara tələbatın artdığı indiki şəraitdə Azərbaycanın nəqliyyat potensialı Avropa üçün də xüsusi əhəmiyyət qazanıb. Azərbaycanın Avropa siyasi məkanında artan nüfuzunun əsas amillərindən biri Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və çoxşaxəli diplomatiyadır".

O əlavə edib ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə toplantısının Bakıda keçirilməsi barədə qərar Prezident İlham Əliyevin həyata keçirdiyi diplomatik fəaliyyətin mühüm nəticələrindən biridir.

"Avropa İttifaqına üzv olmayan Azərbaycanın belə bir nüfuzlu siyasi platformaya ev sahibliyi etməsi ölkəmizin Avropa dövlətləri ilə münasibətlərində əldə etdiyi uğurlu diplomatik mövqenin göstəricisidir. Prezident İlham Əliyevin Avropa liderləri ilə uzun illər ərzində qurduğu siyasi dialoq, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq münasibətləri və Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal iştirakı bu proses üçün mühüm zəmin yaradıb. Azərbaycanın COP29 kimi qlobal tədbirə ev sahibliyi etməsi də ölkəmizin çoxtərəfli diplomatiya sahəsində qazandığı təcrübəni nümayiş etdirib. Avropa Siyasi Birliyinin Bakı Zirvə toplantısı isə bu diplomatik xəttin davamı olaraq Azərbaycanın Avropa siyasi məkanında iştirakının daha da genişlənməsi üçün yeni imkanlar yaradacaq", - deyə o fikrini tamamlayıb.