Baş prokurorun köməkçisi: Bakıda keçirilən görüş korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirəcək
- 28 oktyabr, 2026
- 16:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda keçirilən görüş korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirəcək.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli deyib.
"Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclası korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirəcək", - T. Rəhimli deyib.
O bildirib ki, bu gün Bakıda keçirilən görüşə 250-dən çox iştirakçı qatılıb. Onlardan 46-sı üzv və müşahidəçi dövlətləri, 8-i isə beynəlxalq təşkilatları təmsil edir.
"Bugünkü görüşün əsas məqsədi korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, məlumat mübadiləsini və qabaqlayıcı tədbirlər üzrə təcrübə mübadiləsini asanlaşdırmaq, eyni zamanda, korrupsiya nəticəsində əldə edilmiş aktivlərin qaytarılmasını təmin etməkdir", – T. Rəhimli qeyd edib.
O, tədbirin mühüm nəticələrindən birinin Azərbaycanın Baş Prokurorluğunun müvafiq büroya yekdilliklə iki il müddətinə üzv seçilməsi olduğunu vurğulayıb: "Bu, bizə tərəfdaşlarımızla, eləcə də korrupsiyaya qarşı mübarizə aparan qurumlarla əməkdaşlığı daha da gücləndirmək və cəmiyyətimizdə korrupsiyanın tamamilə aradan qaldırılmasına nail olmaq imkanı verəcək".
T. Rəhimli digər mühüm məsələnin Məkkə Konvensiyasının imzalanması olduğunu da diqqətə çatdırıb: "Bu konvensiya korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları arasında beynəlxalq əməkdaşlıq üçün hüquqi çərçivə yaradır. Bununla həm məlumat mübadiləsi, həm də qabaqcıl təcrübələrin paylaşılması asanlaşır. Sənəd birgə istintaq tədbirlərinin həyata keçirilməsi, qarşılıqlı hüquqi yardımın göstərilməsi, korrupsiya nəticəsində əldə edilmiş aktivlərin müəyyənləşdirilməsi, müsadirə edilməsi və geri qaytarılmasına imkan yaradır".