Hasil Abbasov: Tələbələrin əksəriyyəti əlaçıdır, amma "LinkedIn"dən xəbərləri yoxdur

Sosial müdafiə
  • 18 noyabr, 2026
  • 11:01
Hasil Abbasov: Tələbələrin əksəriyyəti əlaçıdır, amma LinkedIndən xəbərləri yoxdur

Tələbələrin əksəriyyəti əlaçıdır, amma "LinkedIn"dən xəbərləri yoxdur.

"Report" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov "Gələcəyin Peşələr Sammiti"ndə deyib.

Onun sözlərinə görə, gələcəkdə yaranacaq peşələr daha çox emosional və yaradıcı yanaşma tələb edəcək:

"Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, yox olmağa daha açıq olan iş sahələrindən biri ofis sahəsidir. Bu dəyişikliklərdən qadınların kişilərlə müqayisədə daha çox təsirlənəcəyi gözlənilir. Belə ki, ofis sahəsində çalışan xanımların 9,6%-i, kişilərin isə 5,5%-i bu dəyişikliklərə məruz qala bilər".

H.Abbasov həmçinin bildirib ki, süni intellektin hazırkı imkanları daha strateji və yaradıcı düşünmək üçün geniş imkanlar açır:

"Süni intellektin indiki halı bizim daha strateji və daha yaradıcı düşünməyimiz üçün geniş meydan açır. O, təkrarlana bilən işləri avtomatlaşdırdığına görə, artıq belə işləri ona həvalə edib özümüz daha yaradıcı, daha geniş və daha çox dəyər qatan işlər ortaya qoya bilərik. İnsan bəşəriyyətin, dünyanın, ətraf mühitin qorunmasında, sabit saxlanmasında əsas amildir".

O əlavə edib ki, Dövlət Məşğulluq Agentliyi ali təhsil müəssisələrində yeddi meyar əsasında tələbələrin əmək bazarına hazırlıq səviyyəsini yoxlayıb:

"Bu resurslarla tələbənin əmək bazarına neçə faiz hazır olduğunu yoxlamağa çalışdıq. Biz çox qeyri-adi nəticələr əldə etmişik. Məsələn, ikinci kurs tələbələrimizin əksəriyyəti əlaçıdır. Böyük bir qisminin "LinkedIn" platformasından xəbəri yoxdur. Yəni bu proses başlayanda belə bir ehtimal vermirdik. İkincisi, biz "PeşəFest" layihəsini bütün ölkə üzrə təqdim edirik və aktual olan, gələcəkdə tələb olunan peşələrin təbliğatı ilə məşğul oluruq, hər regionda hansı peşəyə daha çox maraq olacağını proqnozlaşdırırıq. Mən heç zaman düşünməzdim ki, Qazaxda dənizçilik peşəsinə xüsusi maraq olacaq. Qazaxda dəniz yoxdur. Mən bilmirdim ki, Qaxda bu sahəyə maraq olacaq".