Tokayev TDT yanında rəqəmsal monitorinq və innovasiya mərkəzlərinin yaradılmasını təklif edib

Region
  • 15 may, 2026
  • 15:15
Tokayev TDT yanında rəqəmsal monitorinq və innovasiya mərkəzlərinin yaradılmasını təklif edib
Kasım-Jomart Tokayev

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı (TDT) yanında Rəqəmsal Monitorinq Mərkəzi və Rəqəmsal İnnovasiyalar Mərkəzinin yaradılmasını təklif edib.

"Report"un Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, K.Tokayev bunu TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bəyan edib.

"Bu qurumlar təşkilatın üzv dövlətlərinə rəqəmsal texnologiyaların imkanlarından daha fəal istifadə etməyə şərait yaradacaq. Eyni zamanda, kibertəhlükəsizlik sahəsində yaranan təhdidləri də nəzərə almaq lazımdır", - K.Tokayev deyib.

Onun sözlərinə görə, belə mexanizmlər TDT ölkələrinin rəqəmsal məkanında zəif nöqtələri aşkar etməyə və infrastruktura yönəlmiş təhdidlərin qarşısını almağa imkan verəcək.

"Bu strukturlar təşkilatın üzv dövlətlərinin profil orqanları arasında daimi məlumat mübadiləsini təmin edə biləcək. Qazaxıstan bu təşəbbüslər üzrə müvafiq konseptual təkliflər hazırlamağa və onları TDT ölkələrinə təqdim etməyə hazırdır", - Tokayev bildirib.

O qeyd edib ki, bütün bu konkret tədbirlər Türk dövlətlərinin ümumi maraqlarına cavab verir. "Buna görə də bu istiqamətdə əməkdaşlığı aktivləşdirməyi və daha səmərəli etməyi zəruri hesab edirəm", - Tokayev vurğulayıb.

Dövlət başçısı iştirakçı ölkələr arasında elektron sənədlərin və rəqəmsal imzaların qarşılıqlı tanınması üzrə işin davam etdirilməsinin vacibliyini vurğulayıb.

"İkincisi, kosmik sənaye Türk dövlətlərinin rəqabətqabiliyyətini artırmağa qadir olan əsas istiqamətlərdən biridir. Bu sahənin ardıcıl inkişafı elmi-texnoloji və sənaye potensialımızın gücləndirilməsinə töhfə verəcək. Xüsusilə peyk rabitəsi, naviqasiya və monitorinq sahəsində birgə layihələrin həyata keçirilməsi, bu istiqamətlərdə qarşılıqlı əlaqənin genişləndirilməsi vacibdir. Bu, texnoloji müstəqilliyimizi möhkəmləndirməyə və innovasiya potensialını artırmağa imkan verəcək", - Tokayev deyib.

Həmçinin, Qazaxıstan Prezidentinin fikrincə, elm və texnologiya sahəsində mütəxəssislərin hazırlanması ilə məşğul olan tədris mərkəzlərini və elmi müəssisələri inkişaf etdirmək lazımdır:

"Təcrübə mübadiləsi, kadrların birgə hazırlanması və qabaqcıl texnologiyaların tətbiqi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Türk dövlətlərinin süni intellekt mərkəzləri şəbəkəsinin yaradılmasını təklif edirəm".

44 filmi