Demokratlar Konqresdə idarəetməni ələ alsa, Donald Tramp İlon Maskı həbsdən qoruyacaq

Digər ölkələr
  • 02 noyabr, 2026
  • 21:37
Demokratlar Konqresdə idarəetməni ələ alsa, Donald Tramp İlon Maskı həbsdən qoruyacaq

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının Konqresdə idarəetməni ələ alması və onları təqib etməyə başlayacağı təqdirdə, sahibkar İlon Maskı və öz tərəfdarlarını əvvəlcədən əfv etməyə hazır olduğunu bildirib.

"Report" "New York Post"a istinadən xəbər verir ki, bu barədə ABŞ lideri "Pod Force One" podkastı üçün jurnalist Miranda Divayna verdiyi müsahibəsində danışıb.

Söhbət zamanı jurnalist ehtimal edib ki, 3 noyabr aralıq seçkilərində qalib gələcəkləri təqdirdə demokratlar Maskı həbs etməyə və onun "SpaceX" aerokosmik şirkətini milliləşdirməyə cəhd edə bilərlər.

Tramp bu ehtimalları sadəcə müzakirələr adlandırsa da, zərurət yaranacağı təqdirdə sahibkarı və öz tərəfdarlarını müdafiə etməyə hazır olduğunu vurğulayıb.

"Biz bu insanları qorumalı olacağıq", - ABŞ Prezidenti deyib.

Onun əvvəlcədən əfv etməyə hazır olub-olmaması ilə bağlı suala Tramp müsbət cavab verib.

"Əgər lazım gələrsə, mən bunu edəcəyəm. Əlbəttə", - o bildirib.

ABŞ lideri həmçinin xatırladıb ki, onun sələfi Co Bayden prezident postundan getməzdən əvvəl bir sıra şəxslərin əvvəlcədən əfv edilməsi hüququndan istifadə edib.

ABŞ qanunvericiliyinə əsasən, prezidentin şəxsi federal cinayətlərə görə hətta ona rəsmi ittihamlar irəli sürülməzdən əvvəl də əfv etmək hüququ var. Bununla belə, bu qərar ayrı-ayrı ştatlar səviyyəsində məhkəmə təqibindən qorumur.

44 filmi