Tbilisidə II Beynəlxalq Maliyyə Zirvəsi keçirilir

Region
  • 27 oktyabr, 2026
  • 11:07
Tbilisidə II Beynəlxalq Maliyyə Zirvəsi keçirilir

Tbilisidə oktyabrın 27-28-də mərkəzi bankların, beynəlxalq maliyyə institutlarının, maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən qurumların və innovativ şirkətlərin nümayəndələrini bir araya gətirən II Tbilisi Maliyyə Zirvəsi keçirilir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbir "Siyasət, maliyyə və texnologiyanın kəsişməsində regional maliyyə dəhlizlərinin inkişafı" mövzusuna həsr olunub.

Tədbirdə Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Gürcüstan Milli Bankının prezidenti Natiya Turnava və Qlobal Maliyyə və Texnologiya Şəbəkəsinin (GFTN) rəhbəri Sopnendu Mohanti də iştirak edirlər.

Builki sammitə 60 ölkədən 800-dən çox nümayəndə və 100-ə yaxın yüksəkvəzifəli natiq qatılıb. İki gün davam edəcək tədbir çərçivəsində tematik sessiyalar, panel müzakirələri və işgüzar görüşlər keçirilir. Əsas müzakirə mövzuları regional maliyyə və iqtisadi əlaqələrin gücləndirilməsi, rəqəmsal aktivlər, ödəniş sistemlərinin gələcəyi, açıq bankçılıq, süni intellekt və maliyyə sistemlərinin kibertəhlükəsizliyidir.

Sammitin proqramına maliyyə texnologiyalarının inkişafı, rəqəmsal aktivlərin tənzimlənməsi, innovativ həllərin tətbiqi, regional maliyyə infrastrukturunun gücləndirilməsi və investisiya imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr də daxildir.

Tədbir çərçivəsində süni intellekt və açıq bankçılıq üzrə hakatonun Demo Günü də keçiriləcək. Gürcüstan Milli Bankı və Gürcüstanın İnnovasiya və Texnologiyalar Agentliyinin birgə layihəsində 28 yerli və beynəlxalq komanda iştirak edir.

Qaliblər oktyabrın 28-də elan olunacaq.

Sammit Gürcüstan Milli Bankı, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Sinqapurda yerləşən Qlobal Maliyyə və Texnologiya Şəbəkəsi tərəfindən birgə təşkil olunur.

44 filmi