Tusk: Ukrayna ilə bağlı üçtərəfli danışıqlar noyabrın 4-də BƏƏ-də keçiriləcək

Digər ölkələr
  • 27 oktyabr, 2026
  • 19:33
Tusk: Ukrayna ilə bağlı üçtərəfli danışıqlar noyabrın 4-də BƏƏ-də keçiriləcək

Rusiya, Ukrayna və ABŞ arasında Əbu-Dabidəki (BƏƏ) üçtərəfli danışıqlar noyabrın 4-nə planlaşdırılıb.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Varşavada hökumətin iclasından əvvəl bildirib.

Onun sözlərinə görə, Norveçin Baş naziri Yonas Qar Störe və Finlandiya Prezidenti Aleksandr Stubbun Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından əvvəl bir sıra məsləhətləşmələr aparılıb. Məsləhətləşmələrdə Tusk, Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ tərəfi də iştirak edib. Nəzərdə tutulub ki, Əbu-Dabidə atəşkəslə bağlı mümkün danışıqlar ərəfəsində avropalı siyasətçilərin işgüzar əlaqələri qoruması zəruridir.

Tusk bu danışığı keçirmək planları barədə əvvəlcədən məlumatlandırıldığını təsdiqləyib. Störe onu əmin edib ki, o və Stubb Putinlə bu nadir təmasa görə siyasi məsuliyyəti öz üzərlərinə götürməyə hazırdırlar və istəklilər koalisiyasının razılaşdırılmış mövqeyinə sadiq qalacaqlar.

Tuskun sözlərinə görə, telefon danışığından sonra Stubb ona hər iki tərəfin öz mövqeyində qaldığını deyib. Bununla belə, Avropa tərəfi Əbu-Dabidəki danışıqlarda irəliləyiş perspektivlərini çox ehtiyatlı nikbinliklə qiymətləndirib.

"Rusiyanın gündəliyi və maraqları kifayət qədər aydındır və razılaşmanın əldə olunacağı ilə bağlı illüziyalara qapılmaq lazım deyil", – Polşanın Baş naziri qeyd edib.