Rusiya Konstantinovkada minatəmizləmə işlərinə başlamağa hazırdır
- 12 noyabr, 2026
- 22:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya humanitar aksiya çərçivəsində Konstantinovkada dərhal minatəmizləmə işlərinə başlamağa hazırdır.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Rusiya Prezidenti Vladimir Putinin Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi ilə bağlı təklifini dəstəkləyiblər.
"Bu yeni humanitar aksiya ilə əlaqədar ABŞ nümayəndələri ilə konkret təmaslara başlamaq barədə razılıq əldə olunub. Dərhal minatəmizləmə işlərinə başlamağa hazırıq", – Uşakov qeyd edib.
O bildirib ki, Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsinin detalları üzərində də iş aparılır.
"Xüsusilə, Əbu-Dabidə müzakirə olunan növbəti genişmiqyaslı hərbi əsir mübadiləsinin keçirilməsi təşəbbüsü dəstəklənib. Hazırda mübadilənin parametrləri razılaşdırılır", – o əlavə edib.
Uşakov Putinin Moskvada amerikalı nümayəndələrlə görüşünü məzmunlu, konstruktiv və faydalı adlandırıb.