Paşinyan: Ermənistan gələn il Aİ-yə üzvlük üçün müraciət edə bilər
- 03 noyabr, 2026
- 19:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan gələn il Avropa İttifaqına (Aİ) daxil olmaq üçün müraciət edə bilər.
"Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə "Euronews" telekanalı tərəfindən təşkil olunmuş "Avropanın gələcəyi" sammitində çıxışında bildirib.
Onun sözlərinə görə, son vaxtlar Brüsseldən müsbət siqnallar gəlir:
"Əvvəllər Aİ-nin genişlənməyə hazır olub-olmaması ilə bağlı şübhələr var idi. Lakin indi genişlənməyə güclü siyasi iradənin mövcudluğuna dair əlamətlər görünür. Bu isə Ermənistanın və Avropa İttifaqının gözləntilərinin üst-üstə düşə biləcəyi deməkdir. Mövcud vəziyyətlə bağlı qiymətləndirməm belədir. Bununla yanaşı, Ermənistanda da bu istiqamətdə irəliləmək üçün qəti siyasi iradə var".
Bundan əlavə, baş nazir qeyd edib ki, İrəvan yaxın iki il ərzində üzvlük üçün rəsmi müraciət edə bilər:
"Siz müraciətin verilməsini nəzərdə tutursunuz? Biz bunu bu il etməyə hazırlaşırıq. Bunun nə dərəcədə real olduğunu bilmirəm, lakin gələn il real ola bilər. Həmçinin 2028-ci il də mümkündür".
Paşinyanın sözlərinə görə, hazırda Ermənistan viza rejiminin liberallaşdırılması üzrə dialoqa diqqətini cəmləyib: "Məqsədimiz - 2029-cu ilə qədər viza rejiminin liberallaşdırılmasına nail olmaqdır. Bu, Avropa İttifaqı ilə münasibətlərimizin inkişafında daha bir vacib mərhələ olacaq".