Özbəkistan və Qırğızıstan Prezidentləri strateji tərəfdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər

Region
  • 10 fevral, 2026
  • 19:14
Özbəkistan və Qırğızıstan Prezidentləri strateji tərəfdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov telefon danışığı zamanı dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar zamanı ölkələr ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini nəzərdən keçirib və qarşılıqlı ticarətin davamlı artımını məmnunluqla qeyd ediblər. Həmçinin sənaye kooperasiyası, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun və Kambarata SES-1-in tikintisi daxil olmaqla, birgə infrastruktur layihələrinin icrası müzakirə olunub.

Bundan əlavə, liderlər regional gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıb, qarşıdan gələn ikitərəfli və çoxtərəfli tədbirlərin qrafikini müzakirə ediblər.