Bağdad Amreyev: "TIF-in maliyyə tutumu 10 ildən sonra milyardlarla dollarla ölçüləcək" - MÜSAHİBƏ
- 20 avqust, 2026
- 14:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Türk dövlətləri çoxtərəfli iqtisadi tərəfdaşlığı ardıcıl olaraq dərinləşdirirlər, bunun əsas hərəkətverici qüvvəsi isə birgə investisiya təşəbbüslərinin praktiki reallaşdırılması və regional inteqrasiyanın möhkəmləndirilməsidir. Qarşılıqlı ticarətin artması, Orta Dəhlizin nəqliyyat-logistika imkanlarının genişlənməsi və rəqəmsal texnologiyaların fəal şəkildə tətbiqi Türk dövlətlərinin işgüzar dairələrinin səyləri birləşdirməsinə güclü təkan verir. 600 milyon ABŞ dolları məbləğində kapital formalaşdıran Türk İnvestisiya Fondu (TIF) bu prosesdə mühüm rol oynayır. Bu, infrastruktur, nəqliyyat və sənaye sahələrində meqalayihələrin uzunmüddətli maliyyələşdirilməsi üçün prinsipial olaraq yeni imkanlar açır.
Fondun prezidenti Bağdad Amreyev "Report"a müsahibəsində Fondun institusional quruculuq mərhələsindən fəal maliyyə fəaliyyətinə keçməsi prosesi, onun portfelində yer alan sahəvi prioritetlər, eləcə də dünyanın aparıcı maliyyə institutları və Körfəz ölkələri ilə tərəfdaşlıq perspektivləri barədə danışıb.
Həmin müsahibəni oxuculara təqdim edirik:
-Bu gün TIF-in əsas institusional və əməliyyat prioritetləri nələrdir? Fondun daxili mexanizmlərinin və investisiya infrastrukturunun formalaşdırılması hansı mərhələdədir?
-2023 və 2024-cü illərdə əsas vəzifəmiz Fondun institusional strukturunu yaratmaq idi. 2025-ci ildə korporativ idarəetmə, investisiya fəaliyyəti, risklərin idarə edilməsi, komplayens və inzibati proseslərlə bağlı mexanizmlər daxil olmaqla, onun hərtərəfli fəaliyyəti üçün zəruri olan əsas qayda və sistemləri tətbiq etdik.
Maliyyə institutu öz nüfuzunu ilk növbədə, qəbul etdiyi qərarların keyfiyyəti ilə formalaşdırır. Bizim üçün bu, layihələrin diqqətlə qiymətləndirilməsi, risklərin və maliyyə resurslarının səmərəli idarə edilməsi, investisiyaların lazımi qaydada monitorinqi, həmçinin etibarlı və müstəqil nəzarətin təmin edilməsi deməkdir.
Biz həmçinin Fondun maliyyə resurslarının və risklərinin idarə edilməsinə yanaşmaları təkmilləşdirməyə davam edirik. Aprel ayında TIF Dünya Bankı Xəzinədarlığının Ehtiyatlar üzrə İdarəetmə və Məsləhət Tərəfdaşlığına (RAMP) qoşulub. Bu əməkdaşlıq bizə maliyyə resurslarının və risklərin idarə edilməsi sahəsində Dünya Bankının beynəlxalq təcrübəsindən faydalanmağa imkan verir.
Digər mühüm prioritet potensial layihələrdən ibarət keyfiyyətli portfelin formalaşdırılmasıdır. Yeni institut üçün nəticələri mümkün qədər tez nümayiş etdirmək istəyi təbiidir, lakin hesab edirəm ki, uzunmüddətli perspektivdə keyfiyyət sürətdən daha önəmlidir. Mən tez bir zamanda irihəcmli portfel yaratmağa çalışmaqdansa, daha az sayda, lakin həqiqətən keyfiyyətli layihələri maliyyələşdirməyə üstünlük verirəm.
Beləliklə, biz institusional inkişafın növbəti mərhələsinə qədəm qoyduq. Artıq TIF-in təməlini qoymuşuq. İndi vəzifəmiz onun səmərəliliyini təcrübədə sübut etmək və Fondun davamlı inkişafını təmin etməkdir.
-Məlum olduğu kimi, TİF artıq maliyyə fəaliyyətinə başlayıb. Fondun işinin ilk mərhələsi seçilmiş maliyyələşdirmə modeli baxımından nəyi nümayiş etdirir və gələcəkdə fəaliyyət miqyasında, eləcə də yanaşmalarda hansı dəyişikliklər gözlənilir?
-Hazırkı mərhələdə TIF əsasən kredit maliyyələşdirməsi təqdim edir. Biz beynəlxalq maliyyə institutları ilə fəal əməkdaşlıq edirik, zərurət yarandıqda layihələrin birgə maliyyələşdirilməsində iştirak edirik, həmçinin biznesin dəstəklənməsi üçün yerli maliyyə institutlarını cəlb edirik.
Növbəti mərhələ layihə portfelinin ardıcıl surətdə genişləndirilməsindən ibarət olacaq. Hazırda beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində müxtəlif üzv dövlətlərdə bir sıra əməliyyatları nəzərdən keçiririk. Bu layihələr reallaşdıqca, maliyyələşdirmə coğrafiyasını genişləndirməyi, bütün üzv dövlətləri əhatə etməyi və müxtəlif sektorlarda iştirakımızı genişləndirməyi hədəfləyirik. Bununla belə, layihələrin və qəbul edilən investisiya qərarlarının keyfiyyətinə dair tələblər azaldılmayacaq.
Prioritet istiqamətlərimiz infrastruktur və qarşılıqlı əlaqə, energetika, nəqliyyat və logistika, emal sənayesi, kənd təsərrüfatı, kiçik və orta müəssisələr, rəqəmsal infrastruktur və maliyyə xidmətləridir.
Biz üzv dövlətlər arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verən layihələrə xüsusi diqqət yetiririk. Sərhədyanı ticarətə təkan verən, nəqliyyat əlaqəsini yaxşılaşdıran, regional dəyər zəncirlərinin yaradılmasına kömək edən və biznesin Türk dövlətlərinin bazarlarında fəaliyyətini genişləndirməsinə dəstək olan investisiyalar bizim üçün xüsusilə vacibdir.
-TIF öz maliyyə potensialını artırmaq üçün hansı mexanizmləri nəzərdən keçirir? Fond üzv dövlətlərin təqdim etdiyi kapitaldan kənar əlavə resurslar cəlb edə bilərmi və bu prosesdə beynəlxalq tərəfdaşların rolu nədən ibarət olacaq?
-Üzv dövlətlər TIF-in maliyyə əsasını təmin edirlər. Onlar 600 milyon ABŞ dolları məbləğində olan kapitalda iştirak öhdəliyi götürüblər və onların öhdəlikləri Fondun fəaliyyətinin təməli olaraq qalır.
Lakin TIF-in maliyyə potensialını yalnız şəxsi kapitalın məbləği üzərindən qiymətləndirmək olmaz. Bizim vəzifəmiz ilk növbədə, əlavə resurslar cəlb etməklə ondan maksimum dərəcədə səmərəli istifadə etməkdir. Məsələn, əgər TIF perspektivli bir layihəyə 10 milyon ABŞ dolları sərmayə qoyursa və bu iştirak sayəsində nüfuzlu maliyyə institutlarından əlavə 40 milyon ABŞ dolları cəlb etmək mümkün olursa, bizim kapitalımızdan istifadənin effekti əhəmiyyətli dərəcədə yüksək olur. Məhz buna görə də birgə maliyyələşdirmə bizim üçün prinsipial əhəmiyyət daşıyır.
Bu kontekstdə digər beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq xüsusilə vacibdir. Bu, TIF-ə Fondun təkbaşına təmin edə biləcəyi maliyyələşdirmə məbləğini əhəmiyyətli dərəcədə üstələyən layihələrin həyata keçirilməsində iştirak etməyə imkan verir.
Biz həmçinin Körfəz ölkələrinin suveren investisiya fondları və inkişaf institutları ilə əməkdaşlığı genişləndiririk. Bu yaxınlarda Küveytə səfərim çərçivəsində Küveyt İnvestisiya İdarəsi, Küveyt Ərəb İqtisadi İnkişaf Fondu və Ərəb İqtisadi və Sosial İnkişaf Fondunda görüşlər keçirdim. Biz layihələrin birgə maliyyələşdirilməsi, TIF-ə üzv dövlətlərə investisiyaların cəlb edilməsi və Ərəb Koordinasiya Qrupu ilə əməkdaşlığın daha sıx şəkildə inkişaf etdirilməsi imkanlarını müzakirə etdik.
Bu il biz Körfəz ölkələrində Qətər İnvestisiya İdarəsi, Qətər İnkişaf Fondu və Səudiyyə İnkişaf Fondu kimi institutlarla da danışıqlar aparmışıq.
Növbəti addım qarşılıqlı iqtisadi maraq kəsb edən az sayda layihənin seçilməsi olacaq. Əminəm ki, Körfəz ölkələri Türk dövlətləri regionunda uzunmüddətli investisiyaların və inkişaf layihələrinin maliyyələşdirilməsinin mühüm mənbəyinə çevrilə bilər.
Beləliklə, TIF-in maliyyə dayanıqlığı və potensialı təkcə Fondun resurslarının həcmi ilə deyil, həm də öz kapitalını beynəlxalq və regional tərəfdaşların resursları ilə birləşdirərək əlavə maliyyələşdirmə cəlb etmək bacarığı ilə müəyyən ediləcək.
-TİF-in İslam İnkişaf Bankı (IsDB) Qrupu ilə əməkdaşlığı hansı mərhələdədir? Konkret layihələr və birgə maliyyələşdirmə mexanizmləri artıq müzakirə olunurmu?
-IsDB Qrupu ilə qarşılıqlı əlaqələrimiz artıq konkret nəticələr verməyə başlayır. 2026-cı il iyunun 17-də TIF IsDB Qrupunun özəl sektora dəstək üzrə ixtisaslaşan qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə Çərçivə Sazişi imzalayıb. Saziş çərçivəsində məbləği 50 milyon ABŞ dollarına qədər olan İslam birgə maliyyələşdirmə proqramı yaradılıb.
Bu proqram çərçivəsində seçilmiş yerli maliyyə institutları TIF-ə üzv dövlətlərdə kiçik və orta müəssisələrin dəstəklənməsi üçün maliyyə vəsaiti ala biləcəklər. Bu, kiçik və orta müəssisələrin maliyyəyə çıxışını genişləndirməyə və eyni zamanda TIF, yerli maliyyə institutları və beynəlxalq tərəfdaşlar arasında qarşılıqlı fəaliyyəti gücləndirməyə imkan verəcək.
İslam İnkişaf Bankı ilə birbaşa dialoq da davam edir. Biz layihələrin birgə maliyyələşdirilməsi, əlavə kapitalın cəlb edilməsi və hər iki institut üçün qarşılıqlı maraq doğuran layihələr haqqında məlumat mübadiləsi imkanlarını müzakirə edirik.
Bütövlükdə, biz IsDB Qrupu ilə əməkdaşlığı ümumi razılaşmalar və bəyannamələrlə məhdudlaşdırmayıb, konkret layihələr və praktiki maliyyələşdirmə mexanizmləri ətrafında qurmağa çalışırıq. Tərəfdaşlığın real investisiyalara çevrilməsi və TIF-ə üzv dövlətlər üçün nəzərəçarpacaq iqtisadi səmərə verməsi bizim üçün vacibdir.
-İslam maliyyə alətləri TİF-in uzunmüddətli strategiyasında hansı rolu oynaya bilər? TIF öz fəaliyyətini inkişaf etdirdikcə belə alətlərin spektrini genişləndirməyi nəzərdən keçirirmi?
-ICD ilə sazişimiz artıq İslam maliyyələşdirilməsinin TIF-in fəaliyyətinin bir hissəsinə çevrildiyinə dəlalət edir. Biz İslam maliyyə alətlərini onların prinsiplərinə cavab verən layihələrin maliyyələşdirilməsi üçün əlavə səmərəli mexanizm kimi nəzərdən keçiririk.
Bununla yanaşı, mən ənənəvi və İslam maliyyələşdirməsini rəqabətli yanaşmalar hesab etmirəm. Bizim vəzifəmiz konkret layihəyə, bazarın xüsusiyyətlərinə və TIF-ə üzv dövlətlərin ehtiyaclarına ən uyğun maliyyə strukturunu seçməkdir.
Fond inkişaf etdikcə biz resurslar cəlb etmək üçün digər İslam maliyyə alətlərindən, o cümlədən sukukdan - İslam istiqrazlarından istifadə edə bilərik. Lakin bu gün həmin mexanizmlərin praktiki tətbiqini təmin etmək: maliyyə vəsaitlərini rəqabətədavamlı şirkətlərə, eləcə də kiçik və orta biznes müəssisələrinə yönəltmək bizim üçün çox daha vacibdir.
İndiki mərhələdə İslam maliyyələşdirməsinin səmərəliliyi bizim üçün əlçatan maliyyə məhsullarının sayı ilə deyil, onların üzv dövlətlərdə real layihələri və biznesi nə dərəcədə uğurla dəstəkləməyə imkan verməsi ilə ölçülür.
-Sizcə, TİF-in Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əməkdaşlığı necə inkişaf edəcək? Bu tərəfdaşlıq çərçivəsində hansı istiqamətlər prioritet ola bilər?
-EBRD ilə əməkdaşlığımız beynəlxalq maliyyə institutları ilə inkişaf etdirməyə çalışdığımız qarşılıqlı fəaliyyət formatını əyani şəkildə nümayiş etdirir. Biz artıq EBRD ilə ilk birgə maliyyələşdirməni həyata keçirmişik və bu tərəfdaşlığı növbəti səviyyəyə yüksəltmək niyyətindəyik.
TIF-in Direktorlar Şurası EBRD ilə çərçivə sazişini təsdiqləyib. Bu saziş təşkilatlarımıza seçilmiş özəl sektor layihələrini birgə maliyyələşdirməyə və onlarla bağlı riskləri bölüşdürməyə imkan verəcək.
Biz ilk növbədə, özəl sektorun maliyyələşdirilməsində, maliyyə institutları ilə əməkdaşlıqda və regional qarşılıqlı əlaqənin inkişafında əhəmiyyətli potensial görürük. Bu istiqamətlərdə EBRD-nin təcrübəsi TIF-in regional mövcudluğu və üzv dövlətlərin bazarları barədə məlumatlılığı ilə səmərəli şəkildə uzlaşa bilər.
Məqsədimiz ayrı-ayrı birgə əməliyyatlardan daha sistemli əməkdaşlığa tədricən keçməkdir. Bu isə əlavə resurslar səfərbər etməyə və Türk regionunda daha irimiqyaslı layihələr həyata keçirməyə imkan verəcək
-TİF yaxın beş ildə beynəlxalq kapital bazarlarına çıxmağı planlaşdırırmı? Fond inkişaf etdikcə hansı maliyyələşdirmə alətlərinə tələbat yarana bilər?
-Kapital bazarlarına çıxış uyğun zamanda həyata keçirilməlidir. Yeni beynəlxalq maliyyə institutu üçün istiqraz buraxılışı nüfuz məsələsi və ya öz-özlüyündə məqsəd olmamalıdır. Belə bir qərar iqtisadi cəhətdən əsaslandırılmalı və TIF möhkəm maliyyə mövqeyi, etibarlı korporativ idarəetmə və risklərin idarə edilməsi sistemi formalaşdırdıqdan, habelə layihələrin uğurlu maliyyələşdirilməsinə dair təsdiqlənmiş təcrübə topladıqdan sonra qəbul edilməlidir.
Məhz buna görə də biz mərhələli yanaşmanın tərəfdarıyıq. Hazırkı mərhələdə vəzifəmiz öz kapitalımızdan səmərəli istifadə etmək, perspektivli layihələri maliyyələşdirmək və Fondun nüfuzunu formalaşdırmaqdır. TIF təcrübə topladıqca və portfelini genişləndirdikcə, maliyyə cəlb etmək üçün yeni alətləri nəzərdən keçirə biləcək.
2030-cu ildən başlayaraq TIF beynəlxalq kapital bazarlarında daha fəal rol oynamağı planlaşdırır. Bura beynəlxalq istiqrazların buraxılması, iqtisadi məqsədəuyğunluq olduqda isə üzv dövlətlərin valyutalarında maliyyə vəsaitlərinin cəlb edilməsi daxil ola bilər. Portfelimiz inkişaf etdikcə dayanıqlı inkişaf istiqrazları və digər tematik alətlər də aktuallıq qazana bilər.
Eyni zamanda, kapital bazarları bizim üçün öz-özlüyündə bir məqsəd deyil, bir alətdir. Fondun əlavə resurslar tələb edən keyfiyyətli layihələri olduqda və borclanmalar məqbul və davamlı şərtlərlə uğurlu layihələrin maliyyələşdirilməsi həcmini artırmağa imkan verdikdə borc vəsait cəlb etməliyik.
-TİF-ə yeni üzvlərin qəbulu proseduru necədir? Fonda qoşulmaqda maraqlı olan dövlətlər üçün hansı şərtlər və meyarlar nəzərdə tutulub və iştirakçıların tərkibinin genişləndirilməsi TIF üçün nə dərəcədə prioritetdir?
-TIF əvvəlcədən açıq beynəlxalq maliyyə institutu kimi yaradılıb. Bu gün Fondun 6 üzvü var: Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan.
Qoşulma proseduru Fondun Təsis Sazişi ilə müəyyən edilib. Türk Dövlətləri Təşkilatının (TDT) təsisçi üzvü olmayan dövlətlər Təsis Sazişinə qoşulmaqla TIF-in iştirakçısı ola bilərlər. Digər dövlətlər də Rəhbərlər Şurasının müəyyən etdiyi şərtlər əsasında Fondun üzvləri sırasında yer ala bilərlər. Bununla belə, hər bir yeni iştirakçı Sazişdə nəzərdə tutulmuş prosedurlardan keçməlidir.
Eyni zamanda, hesab edirəm ki, TIF-in uğuru yalnız danışıqlar masası arxasında olan dövlətlərin sayı ilə qiymətləndirilməməlidir. Sözsüz ki, yeni iştirakçı Fondun kapitallaşmasını gücləndirə, iqtisadi əlaqələri genişləndirə, əlavə təcrübə qazandıra, investisiyalar və ticarət üçün yeni imkanlar aça bilər.
Lakin bu gün əsas prioritetimiz TIF-in mövcud üzv dövlətlər üçün səmərəli işini təmin etməkdir. Əgər Fond dayanıqlı nəticələr nümayiş etdirəcəksə və öz iştirakçılarına praktiki fayda verəcəksə, əminəm ki, digər dövlətlərin də TIF-ə qoşulmağa marağı təbii olaraq artacaq.
-TİF üzv dövlətlərdə investisiya mühitini necə qiymətləndirir və sizcə, yaxın onillikdə onun inkişafını hansı amillər müəyyən edəcək? Regionda investisiyalar üçün hansı istiqamətlər əsas artım nöqtələri ola bilər?
-TIF-ə üzv dövlətlər əhəmiyyətli investisiya potensialına malikdir, lakin investorlar getdikcə daha tələbkar olurlar. Son illərin hadisələri, o cümlədən 2026-cı ildə üzləşdiyimiz sarsıntılar nəqliyyat bağlantısı, enerji təhlükəsizliyi, təchizat zəncirlərinin dayanıqlığı və maliyyəyə çıxışın bu gün nə qədər böyük əhəmiyyət kəsb etdiyini xüsusilə aydın şəkildə nümayiş etdirdi.
Orta Dəhliz buna yaxşı nümunədir. Azərbaycan Xəzər regionunu Türkiyə və Avropa ilə birləşdirməklə bu dəhlizdə aparıcı rol oynayır. Lakin mən Orta Dəhlizi yalnız dəmir yolu marşrutu və ya konteynerlərin Çindən Avropaya daşındığı marşrut kimi nəzərdən keçirməzdim.
Bu dəhlizin ölkələrimizin daxilində yarada biləcəyi iqtisadi fəallıq daha vacibdir. Səmərəli fəaliyyət göstərən nəqliyyat dəhlizi logistika mərkəzlərinin və anbar infrastrukturunun, emal sənayesinin, aqrobiznesin, təkrar emalın, rəqəmsal infrastrukturun və maliyyə xidmətlərinin inkişafını stimullaşdırmalı, həmçinin yeni özəl investisiyalar cəlb etməlidir. Bu dəhliz bir Türk dövlətinin şirkətlərinə digər Türk dövlətində tərəfdaşlar, təchizatçılar və satış bazarları tapmaqda kömək etməlidir.
Bu, infrastruktur və institusional darboğazların aradan qaldırılmasını tələb edir. Əgər mallar sonradan növbəti sərhəddə gecikirsə, dəmir yolu daşımalarının sürətləndirilməsi və ya liman tutumlarının genişləndirilməsi o qədər də əhəmiyyət kəsb etmir. İnfrastruktur, Xəzər dəniz gəmiçiliyi, gömrük prosedurları, rəqəmsal sənədlər, standartlar, maliyyə alətləri və sığorta vahid sistem kimi işləməlidir.
Növbəti onilliyin investisiya landşaftına texnologiyalar da həlledici təsir göstərəcək. TDT-nin may ayında Türküstanda keçirilən Sammiti süni intellekt və rəqəmsal inkişafa həsr olunmuşdu. TIF maliyyələşdirmə vasitəsilə bu gündəliyi dəstəkləyə bilər. Bizim mandatımız artıq rəqəmsal infrastruktura və informasiya texnologiyalarına sərmayə qoymağa imkan verir. Gələcəkdə biz data mərkəzləri, yüksəksürətli rabitə şəbəkələri, rəqəmsal maliyyə infrastrukturu, kibertəhlükəsizlik sahəsində həllər və texnoloji xidmətlər kimi istiqamətlərdə potensial görürük.
Digər əsas istiqamət "yaşıl investisiyalar"la bağlı olacaq. Energetika, nəqliyyat, sənaye istehsalı və beynəlxalq bazarlara çıxış struktur transformasiyası prosesindədir. Üzv dövlətlərin bu dəyişikliklərə uyğunlaşması və rəqabət qabiliyyətini qoruması üçün böyük məbləğdə investisiyalar tələb olunacaq.
Nəhayət, beynəlxalq investorların regiona baxışının dəyişməsini vacib hesab edirəm. Türk dövlətlərinə yalnız ayrı-ayrı, bir-biri ilə əlaqəsi olmayan iqtisadiyyatlar kimi baxılmamalıdır. Hər bir ölkə unikaldır və öz suverenliyini qoruyub saxlayır, lakin investorlar daha sıx əlaqəli və inteqrasiya olunmuş türk regionunun açdığı imkanları getdikcə daha aydın görməlidirlər.
TIF-in əsas vəzifələrindən biri də məhz üzv dövlətlər arasında mövcud iqtisadi əlaqələri konkret investisiya layihələrinə, yeni istehsal zəncirlərinə və biznes imkanlarına çevirməkdən ibarətdir.
-Siz on ildən sonra TIF-i miqyası, maliyyə dayanıqlığı, nüfuzu və regionun iqtisadi inkişafına təsiri baxımından necə görürsünüz? Hansı nəticələri onun uğurunun əsas göstəricisi hesab edərdiniz?
-On ildən sonra TIF-i dövlətlər, biznes və beynəlxalq tərəfdaşların birmənalı şəkildə etimad göstərdiyi maliyyə institutu kimi görmək istəyirəm. Əlbəttə, ümid edirəm ki, Fond xeyli inkişaf edəcək və maliyyə cəhətdən daha güclü olacaq. Lakin mənim üçün daha vacib olan TIF-in irimiqyaslı regional layihələri maliyyələşdirmək və onlara iri beynəlxalq investorları cəlb etmək imkanlarına malik olmasıdır.
Eyni zamanda, Fondun miqyası mənim üçün əsas uğur meyarı deyil. Mən istərdim ki, TIF Türk regionunun iqtisadiyyatlarını birləşdirə biləcək irimiqyaslı layihələrdən söhbət gedərkən hökumətlərin, biznesin və beynəlxalq maliyyə təşkilatlarının ilk növbədə müraciət etdiyi instituta çevrilsin.
Fondun uğuru konkret nəticələrdə özünü göstərməlidir. Məsələn, biz deyə bilməliyik ki, bu maliyyələşdirmə bir şirkətin digər üzv dövlətin bazarına çıxmasına kömək etdi; bu investisiya mühüm nəqliyyat maneəsini aradan qaldırdı; bu layihə yeni regional dəyər zənciri yaratdı; bu tərəfdaşlıq əks halda reallaşması mümkün olmayan bir layihəyə beynəlxalq kapitalın cəlb edilməsinə imkan verdi.
Üzv dövlətlərin təmin etməyi öhdələrinə götürdüyü 600 milyon ABŞ dolları məbləğində kapital TIF-in inkişafı üçün möhkəm zəmin yaradır. On ildən sonra Fondun maliyyə tutumunun artıq milyardlarla dollarla ölçüləcəyini gözləyirəm ki, bu da bizə daha çox layihəni maliyyələşdirməyə və bütün üzv dövlətlərdə daha geniş miqyasda fəaliyyət göstərməyə imkan verəcək.
Uzun illər ərzində Türk dövlətləri əməkdaşlığın ümumi institusional arxitekturasını ardıcıl olaraq formalaşdırıblar. Mən özüm də Türk Dövlətləri Təşkilatında işlədiyim dövrdə bu prosesdə iştirak etmişəm. Biz ən yüksək səviyyədə müntəzəm qarşılıqlı fəaliyyət mexanizmləri yaratdıq, uzunmüddətli baxış formalaşdırdıq və Türk dövlətlərinin əməkdaşlığı üçün institutlar sistemini genişləndirdik.
TIF-in yaradılması növbəti qanunauyğun addım oldu. Belə ki, iqtisadi əməkdaşlığın dərinləşməsi fərdi maliyyə alətinin olmasını tələb edirdi. Əgər Fond dövlətlər arasındakı siyasi etimadı real investisiyalara, biznesin inkişafına, nəqliyyat əlaqələrinin güclənməsinə və qarşılıqlı ticarətin artmasına çevirə bilsə, bu, TIF-in öz missiyasını tam şəkildə yerinə yetirdiyi anlamına gələcək.
Mən TIF-i on ildən sonra məhz maliyyə cəhətdən güclü, etibarlı və Türk regionunun iqtisadi potensialını konkret layihələrə və uzunmüddətli inkişafa transformasiya edə bilən institut kimi görmək istərdim.