"Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır

Digər ölkələr
  • 24 oktyabr, 2026
  • 08:51
Axios: İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır

Amerika kəşfiyyatı İranın xaricdə işləyən ABŞ diplomatlarına və vəzifəli şəxslərinə qarşı sui-qəsdlər təşkil etmək planlarına dair məlumatlara malikdir.

"Report"un "Axios"a istinadən məlumatına görə, bu barədə oktyabrın 23-də ABŞ Dövlət katibi Marko Rubiyoya göndərilmiş xidməti qeyddə deyilir.

Sənədə əsasən, İran Yaxın Şərqdə və onun hüdudlarından kənarda amerikalı diplomatlara və rəsmi şəxslərə qarşı sui-qəsdlərin hazırlığını "əhəmiyyətli dərəcədə aktivləşdirib". Kəşfiyyatın qiymətləndirməsinə görə, mümkün hücumların hazırlığı "irəli mərhələyə" çatıb.

Qeyddə həmçinin Tehranın xaricdəki Amerika nümayəndələrini aradan qaldırmaq üçün artıq işlənib hazırlanmış planlarının olması barədə xəbərdarlıq yer alır.

Amerika hakimiyyətinin nümayəndələrinin "Axios"a bildirdiyinə görə, əldə edilən kəşfiyyat məlumatları Yaxın Şərqdəki bir sıra ABŞ səfirliklərinin işçi heyətinin sayının azaldılmasının səbəblərindən biri olub.

Amerika hakimiyyətinin narahatlığına səbəb noyabrın əvvəlində ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdən sonra ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının bərpa olunması ehtimalıdır.

Ötən gün ABŞ Prezidenti Donald Tramp Floridada tərəfdarları qarşısında çıxış edərkən İrana qarşı yeni hərbi əməliyyatın keçirilməsini istisna etməyib.

Tramp həmçinin İran rəhbərliyini münaqişənin həlli üçün Vaşinqtonun şərtləri ilə razılaşmağa çağırıb.

"Axios"un məlumatına görə, xidməti qeyddə ehtimal olunan təhdidlər barədə məlumatların amerikalı əməkdaşların daha geniş dairəsinə çatdırılmasının zəruriliyi barədə xəbərdarlıq da yer alır.

Bununla belə, sənəddə mümkün sui-qəsdlərin konkret hədəflərini, onların həyata keçirilə biləcəyi Yaxın Şərqdən kənar ölkələri və İranın ehtimal edilən planlarının təfərrüatlarını açıqlamayıb.